Taff çayındakı qəsr, bataqlıqda salınan şəhər, millimiz üçün alınmaz qala - VİDEOREPORTAJ

Taff çayındakı qəsr, bataqlıqda salınan şəhər, millimiz üçün alınmaz qala - VİDEOREPORTAJ Taff çayındakı qəsr - bu, Kardiffin adının mənası ilə bağlı daha real sayılan versiyalardan biridir. Uelsin paytaxtının isminin mənşəyi ilə haqda fərqli variantlar olsa da, buranı bizim üçün alınmaz qala kimi qələmə verə bilərik. Çünki Azərbaycanın futbol millisi qurudulmuş bataqlıqda salınan bu şəhərdən həmişə məyus dönüb.
Futbol
185
7 Sentyabr , 2019 18:07
Taff çayındakı qəsr, bataqlıqda salınan şəhər, millimiz üçün alınmaz qala - VİDEOREPORTAJ

Taff çayındakı qəsr - bu, Kardiffin adının mənası ilə bağlı daha real sayılan versiyalardan biridir. Uelsin paytaxtının isminin mənşəyi ilə haqda fərqli variantlar olsa da, buranı bizim üçün alınmaz qala kimi qələmə verə bilərik. Çünki Azərbaycanın futbol millisi qurudulmuş bataqlıqda salınan bu şəhərdən həmişə məyus dönüb.

İki ölkənin yığma komandaları dünənki matça qədər ümumilikdə 3 tsiklda 6 dəfə qarşılaşmışdılar. Uelslilər AVRO-2002-nin seçmə mərhələsində 2:0 və 4:0, DÇ-2010-da isə hər iki dueldə 1 cavabsız qolla qalib gəliblər. Millimiz indiyə qədər bu rəqibdən cəmi 1 xal qopara bilib. DÇ-2006-nın təsnifat mərhələsində Bakıda Rəşad Sadıqovun qolu ilə əldə edilən 1:1 hesablı bərabərlik hələ də göz muncuğu olaraq qalmaqdadır. Həmin tskilın hazırda təmirdə olan "Millenium" stadionunda baş tutan qarşılaşmasında meydan sahibləri 2 cavasız qolla qələbə qazanıblar.

Yeri gəlmişkən, bu komandaların sonuncu dəfə 2010-cu ildə üz-üzə gələn heyətlərindən hazırda da millidə yer alan 5 futbolçu var. Bizdə yalnız dünənki matçda meydana çıxmayan Cavid Hüseynov qalıbsa, onlarda Ueyn Hennesi, Kris Qanter, Sem Vouks Qaret Beyl hələ də iş başındadırılar. İndiyə qədər reallaşan oyunlarda ən çox - 3 qol vuran futbolçu Hari Spid isə 2011-ci ildə intihar edib...

Əvvəlki səfərlərlə müqayisədə, dünən Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Beylin liderli olduğu komandaya ciddi müqavimət göstərdi. Hə, məğlubiyyət elə məğlubiyyətdir. Ancaq biri var 5 top buraxıb, əlin ətəyindən uzun dönəsən, biri də var final fitinə qədər döyüşüb, xal qazanmaq şansını qoruyasan. Milli Uelsə səfərdə ilk dəfə qol vurub uduzsa da, diqqət çəkən önəmli bir məqam var - heyətdə yer alan gənclərin inamlı çıxışı. Bəhlul Mustafazadə, Mahir Emreli, Ramil Şeydayev və Anton Krivotsyuk gələcəkdə daha yaxşı olacaqlarını düşünməyə əsas verdilər. Xüsusən də "oyundan, atmosferdən zövq alırdım, bitməsini istəmirdim" söyləyən Mustafazadənin debüt oyununda bu cür inamlı çıxışı alqışalayiqdir. Ancaq bu, hələ yolun başlanğıcıdır.

Atmosferdən söz düşmüşkən, Kardiff şəhər stadionundakı ab-hava həqiqətən möhtəşəm, azarkeşlərin Uelsin dövlət himni musiqisiz oxumaları isə sadəcə, fantastika idi. Arenanın ən çox gözəlləşdirən isə valideynlərinin matça gətirdikləri övladları idi. Açığı, nadir futbol oyunlarında nadir hallarda bu qədər azyaşlı uşaqları stadionda görmək mümkündür. Həmin mənzərəni görəndə, bu ölkədən niyə Beyl səviyyəsində futbolçu çıxdığını anlayırsan. 

1905-ci ildən şəhər statusu alan, 50 sonra Uelsin paytaxtı elan edilən Kardiffdə reqbi ən populyar idman növü olsa da, futbola da böyük sevgi var. Bütün britaniyalılar kimi uelslilər də futbol matçları ərəfəsində və sonra barlarda, oyun zamanı isə stadionda içməyi çox sevirlər. Yeri gəlmişkən, Kardiffdə yaşayış səviyyəsi yüksək olsa da, küçələrdə yatan, yoldan ötənlərə "qaqa, təsadüfən 20 qəpiyin olmaz" formasında müraciət edən əyyaşlara tez-tez rast gəlmək mümkündür. Onlar daha çox şəhərin simvolu sayılan Kardiff qəsrinin yerləşdiyi mərkəzi küçədə gözə dəyirlər. Ümumilikdə isə ingilislərlə müqayisədə uelslilər daha mülayim, ünsiyyətə açıq insanlardırlar. Şəhərdə xidmət sektorunda isə daha çox miqrantlar çalışırlar.

Oyundakı nəticə bizi məyus etsə də, Kardiffdən xoş təəssüratlarla ayrıldıq. İndi bizi qarşıda Xorvatiya yığması ilə daha çətin duel gözləyir. Uelslə qarşılaşmadan sonra öyrəndik ki, Yurçeviçin amansız həmyerliləri Slovakiyanı səfərdə 4 cavabsız qolla məğlub ediblər...

Orphus sistemi