"Sumqayıt" və "Qarabağ" öz meydanında xal itirdi - YENİLƏNİB - VİDEO
- 29 fevral, 2020
- 15:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, lider "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Sabah"ı qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb - 0:0. Oyunun sonlarında meydan sahibləri fərqlənsələr də, baş hakim Elçin Məsiyev mübahisəli qərar qəbul edib və qolu hesaba almayıb.
"Qarabağ" bu nəticədən sonra xalını 42-yə çatdırıb. "Sabah" isə 21 xalla 5-ci pilləyə yüksəlib.
Azərbaycan Premyer Liqası, XIX tur
18:00. “Qarabağ” – “Sabah” - 0:0
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Qəzənfər Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Fariz Yusifov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Tofiq Bəhramov adına Respublika Stadionu
Qeyd edək ki, turun açılış oyununda "Sumqayıt" evdə "Keşlə" ilə heç-heçə edib - 2:2. Tura sabah keçiriləcək "Zirə" - "Qəbələ" və "Neftçi" - "Səbail" oyunları ilə yekun vurulacaq.
*** 17:59
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start verilib.
"Report"un məlumatına görə, açılış oyununda "Sumqayıt" "Kapital Bank Arena"da "Keşlə"ni qəbul edib.
Gənc referi Kamal Umudlunun idarə etdiyi görüş heç-heçə ilə yekunlaşıb - 2:2.
Matçda hesab erkən açılıb. 4-cü dəqiqədə Peyman Babayi meydan sahiblərini hesabda önə çıxarıb. Bununla da Babayi çempionatda 7-ci qolunu vuraraq bombardirlər siyahısında "Neftçi"dən Stiven Monroz və "Qarabağ"dan Mahir Emreliyə çatıb. 10-cu dəqiqədə "Keşlə"nin yarımmüdafiəçisi Vüsal İsgəndərli gözəl qolla hesabı bərabərləşdirib.
Fasilədən sonra da qapılara iki qol vurulub. 59-cu dəqiqədə Rəhim Sadıxov uzaqdan zərbə ilə "gənclik şəhəri" təmsilçisini yenidən önə çıxarıb. Lakin 80-ci dəqiqədə paytaxt komandasının kapitanı Slavik Alxasov uzaqdan zərbə ilə bərabərliyi təmin edib.
Bu nəticədən sonra "Keşlə" 30 xalla 3-cü, "Sumqayıt" 23 xalla 4-cü pillədə qalıb.
Azərbaycan Premyer Liqası, XIX tur
29 fevral (şənbə)
16:00. “Sumqayıt” – “Keşlə” - 2:2
Qollar: Peyman Babayi, 4. Rəhim Sadıxov, 59 - Vüsal İsgəndərli, 10. Slavik Alxasov, 80
Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Kapital Bank Arena”
Qeyd edək ki, günün növbəti matçında "Qarabağ" və "Sabah" komandaları üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika Stadionundakı oyun saat 18:00-da başlanacaq. Tura martın 1-də "Zirə" - "Qəbələ" və "Neftçi" - "Səbail" görüşləri ilə yekun vurulacaq.