"Sumqayıt"ın Müşahidə Şurası yeni baş məşqçi məsələsini müzakirə edib

"Sumqayıt"ın Müşahidə Şurası yeni baş məşqçi məsələsini müzakirə edib Nazim Süleymanovun namizədliyi bəyənilib
Futbol
7 İyun , 2018 18:51
Sumqayıtın Müşahidə Şurası yeni baş məşqçi məsələsini müzakirə edib

Bakı. 7 iyun. REPORT.AZ/ "Sumqayıt" futbol klubunun Müşahidə Şurasının iclası keçirilib.

Şura üzvü və klubun vitse-prezidenti Vaqif Ömərovun "Report"a verdiyi məlumata görə, toplantıda əsas müzakirə mövzusu yeni baş məşqçi məsələsi olub.

V.Ömərov bildirib ki, üzvlər bu vəzifəyə Nazim Süleymanovun namizədliyinə baxaraq bəyəniblər. Rəsmi müqavilə isə yaxın günlərdə imzalanacaq. Vitse-prezident N.Süleymanova üstünlük vermələrinin səbəbini də açıqlayıb: "Nazim müəllimi təqdim etməyə ehtiyac yoxdur. Tanınmış futbolçumuz olub, sumqayıtlıdır, bütün tədbirlərimizdə yaxından iştirak edib. Baş məşqçi kimi də müxtəlif klublarımızda və 19 yaşadək futbolçulardan ibarət yığmamızda çalışıb. Bütün bunları nəzərə alaraq, Süleymanovun baş məşqçi postuna təyinatına razılıq verdik".

Klub rəsmisi "Sumqayıt"ın büdcəsində və strategiyasında dəyişikliyin baş verməyəcəyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, "Azərikimya" İstehsalat Birliyi yenə baş sponsor olaraq qalır: "Stadionumuzda yenilənmə işləri klubun büdcəsi yox, "Azərikimya"nın ayırdığı əlavə vəsait hesabına aparılır. Strategiyamıza isə gələn mövsümdə də sadiq qalacağıq. Yəni yenə yerli futbolçularla çıxış edəcəyik. Komandadan kimin gedəcəyinə və heyətə hansı futbolçuların cəlb olunacağına yeni baş məşqçimiz qərar verəcək".

Qeyd edək ki, Nazim Süleymanov "Sumqayıt"ın baş məşqçi postunda Samir Abasovu əvəzləyəcək. "Gənclik şəhəri" təmsilçisi 2017-2018 mövsümünü 40 xalla 5-ci pillədə başa vurub. 

Son xəbərlər

Orphus sistemi