Bakı. 5 yanvar. REPORT.AZ/ Rusiyanın "Spartak" klubu Azərbaycan əsilli futbolçusu Aleksandr Səmədovla yollarını ayırıb.
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, tərəflər arasındakı sözləşmə qarşılıqlı razılıq əsasında pozulub. Paytaxt təmsilçisi 35 yaşlı yarımmüdafiəçiyə gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Aleksandr Səmədov karyerası ərzində yalnız Moskva komandalarının formasını geyinib. O, yetirməsi olduğu "Spartak"dan əlavə, "Moskva", "Dinamo" və "Lokomotiv"də də çıxış edib. 2011-ci ildə Səmədov Azərbaycan yığmasının təklifini qəbul etməyərək Rusiya millisində oynamağa qərar verib. Təcrübəli futbolçu yığma karyerasını 2018-ci il dünya çempionatından sonra başa vurub.