Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.
"Report"un məlumatına görə, qarşılaşmalar Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Turnirin son qalibi "Çelsi" İngiltərədə Fransanın "Lill" klubu ilə üz-üzə gələcək. "Stemford Bric" stadionundakı görüşü ispaniyalı FIFA referisi Xesus Hil Mansano idarə edəcək.
Meydan sahiblərində Ben Çiluellin zədə səbəbindən oynamayacağı dəqiqdir. Ris Ceyms, Meyson Maunt və Ruben Loftus-Çikin meydana çıxması sual altındadır. Qonaqlarda isə Renatu Sanşeş və İsaak Lihacinin matçda iştirak edib-etməyəcəyi bilinmir.
Gecənin digər oyununda İtaliya "Yuventus"u İspaniyada "Vilyarreal"la qarşılaşacaq. Matçın baş hakimi almaniyalı Daniel Zibert olacaq.
Qarşılaşma öncəsi hər iki komandada ciddi itkilər var. Turin klubunda Corco Kyellini, Daniele Ruqani, Paulo Dibala və Federiko Kyeza, La Liqa təmsilçisində isə Ruben Penya, Fransis Koklen və Jerar Moreno zədəli olduqları üçün matçı buraxacaqlar. Bundan başqa, qonaqlarda Luka Pelleqrini, Leonardo Bonuççi və Federiko Bernardeskinin oynayıb-oynamayacağı dəqiq deyil.
Komandalar arasında cavab oyunları martın 16-də gerçəkləşəcək.
UEFA Çempionlar Liqası, 1/8 final
İlk oyunlar
22 fevral
00:00. "Çelsi" (İngiltərə) - "Lill" (Fransa)
Baş hakim: Xesus Hil Mansano (İspaniya)
00:00. "Vilyarreal" (İspaniya) - "Yuventus" (İtaliya)
Baş hakim: Daniel Zibert (Almaniya)
Qeyd edək ki, 1/8 finalın ilk 4 görüşündə İngiltərənin "Mançester Siti" klubu Portuqaliyada "Sportinq"ə 5:0, PSJ Fransada İspaniya "Real Madrid"inə 1:0, İngiltərə "Liverpul"u İtaliyada "İnter"ə 2:0 hesabı ilə qalib gəlib, Almaniya "Bavariya"sı isə Avstriyada "Zaltsburq"la heç-heçə edib - 1:1.