UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"la qarşılaşacaq Türkiyə "Sivasspor"unda koronavirusa yoluxmuş futbolçulardan üçünün adı məlum olub.
"Report" "Daily Sabah"a istinadən xəbər verir ki, bunlar Faysal Facr, Mustafa Yatabare və Olarenvayu Kayodedir. Onların hər üçü əsas heyət üzvüdür.
Komandanın avrokuboklardakı ən sərrast hücumçusu olan Kayode qrup mərhələsində 6 qoldan üçünün müəllifidir. Yatabare isə geridə qalan matçlarda 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Aktivində cəmi 1 qol pası olan Facr baş məşqçi Rıza Çalımbayın ən çox güvəndiyi oyunçulardan biridir.
Sivas təmsilçisində hazırda koronavirusa yoluxmuş 7 futbolçu var.
Qeyd edək ki, "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da Türkiyədə baş tutacaq. İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandalar arasındakı III tur matçında "Sivasspor" öz meydanında 2:0 hesablı qələbə qazanıb.