"Sileks"in baş məşqçisi: "Bakıya xəyallarımızın arxasınca gəlmişik"

"Sileks"in baş məşqçisi: "Bakıya xəyallarımızın arxasınca gəlmişik" "Bu, bizim üçün çox böyük təcrübədir".
Futbol
566
17 Avqust , 2020 19:58
Sileksin baş məşqçisi: Bakıya xəyallarımızın arxasınca gəlmişik
Qoran Simov

"Bu, bizim üçün çox böyük təcrübədir".

"Report"un məlumatına görə, bu fikirləri Makedoniyanın "Sileks" klubunun baş məşqçisi Qoran Simov "Qarabağ"la qarşılaşacaqları UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunundan öncə mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis gənc komanda olduqlarını bildirib: "Çox gənc komandayıq, ürəyimizdə həyəcan coşub-daşır. Ötən mövsüm bizə heç kim şans vermirdi, amma çempionatda ikinci yeri tutduq. Gənc komanda olduğumuz üçün təcrübə baxımından bizim üçün yaxşı olacağını düşünürük".

Futbolçu karyerasını 42 yaşında bitirən Simovun karyerasının böyük hissəsi “Sileks”lə bağlıdır. Ötən mövsüm son 8 turdakı uğurlu çıxış sayəsində şirin xəyalı gerçəkləşdirdiklərini söyləyən baş məşqçi turnirdə iştirak etdikləri üçün şad olduğunu vurğulayıb.

O, "Qarabağ"ın böyük klub olduğunu deyib: "Milli komandalarda çıxış edən böyük futbolçuları var. Futbolçulara demişəm ki, 40 il siçan kimi yaşamaqdansa, bir gün aslan kimi yaşayaq. Bura gəlmək necə xəyal idisə, sabah da yeni xəyal üçün meydana çıxacağıq".

Simov boş tribunalar qarşısında oynamağın və meydançanın vəziyyətinin komandasına təsir göstərməyəcəyini əlavə edib: "Hətta evdə oynasaydıq belə, öz meydanımızda deyil, mərkəzi stadionda çıxış edəcəkdik. Orada isə 2 və ya 3 oyun keçirmişik. Bu səbəbdən elə bir fərqi yoxdur. Dediyiniz pis meydança Şimali Makedoniyadakı ən yaxşı meydançadan da yaxşıdır".

Şimali Makedoniyanın 3 komandası avrokuboklarda Azərbaycan təmsilçilərinə rəqib olub. Çempionlar Liqasında "Qarabağ" - "Sileks" oyunundan əlavə, Avropa Liqasında "Neftçi" - "Şkupi" və "Sumqayıt" - "Şkendiya" matçları baş tutacaq. Şansları dəyərləndirən gənc mütəxəssis "Şkendiya"nı xüsusi qeyd edib: "Şkendiya”nı vurğulamaq istərdim. Onlar ölkənin ən güclü və pullu komandasıdır. Bu komandanı növbəti mərhələyə daha şanslı sayıram".

Simov Bakıya xəyallarının arxasınca gəldiklərini və pulu düşünmədiklərini bildirib: "Bir müddət əvvəl liqada, həyatda qalmaq arzusunda idik. Amma indi buradayıq. Oyun 0:0 da ola bilər və ya “Qarabağ” 5:0, 7:0 hesabı ilə qalib gələ də bilər. Bizim üçün bunun elə bir fərqi yoxdur. Avrokubok həyəcanını yaşamaq istəyirik".

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Sileks" oyunu saat 20:00-da start götürəcək. Bu cütün qalibi növbəti raundda "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) duelinin güclüsü ilə qarşılaşacaq. 

Orphus sistemi