Səməd Qurbanov: "Azarkeşlər "Neftçi"dən baxımlı oyun tələbində haqlıdır"

Səməd Qurbanov: "Azarkeşlər "Neftçi"dən baxımlı oyun tələbində haqlıdır" "Çempion olduqdan sonra bəzi aparıcı futbolçular komandanı tərk etdi. Məsələn, Namik Ələskərovla Anton Krivotsyuku buraxmaq laızm deyildi. Onların gedişindən sonra komandanın oyun tempi pozuldu".
Futbol
26 May , 2022 17:30
Səməd Qurbanov: Azarkeşlər Neftçidən baxımlı oyun tələbində haqlıdır
Səməd Qurbanov

"Çempion olduqdan sonra bəzi aparıcı futbolçular komandanı tərk etdi. Məsələn, Namik Ələskərovla Anton Krivotsyuku buraxmaq lazım deyildi. Onların gedişindən sonra komandanın oyun tempi pozuldu".

Bunu "Report"a açıqlamasında "Neftçi"nin Müşahidə Şurasının (MŞ) üzvü Səməd Qurbanov komandanın Azərbaycan Premyer Liqasını ikinci sırada bitirməsi barədə danışarkən deyib.

O bildirib ki, 2020/2021 mövsümündən sonra çempion heyəti qorumaq lazım idi: "Görürsünüz, "Qarabağ" necə edir? Artıq öz oyun üslublarını formalaşdırıblar. Komandanın canı orta sahədir. Bəzi aparıcı futbolçular getdikdən sonra Samir Abasov gənclərə şans verməyə başladı. Düzdür, ikinci yer də pis deyil. Futbolçular Konfrans Liqasında canlarını qoyaraq, "Neftçi"nin necə komanda olduğunu sübut etməlidirlər".

Qurbanov "ağ-qaralar"ın sabitliklə bağlı problem yaşadığını etiraf edib: "Əsas məsələ budur. Komanda şəklində hərəkət edə bilmirlər, kollektiv oyun itib. Ümid edirəm ki, istedadlı gənclərin də köməyilə problem həllini tapacaq".

MŞ üzvünün fikrincə, qış transfer pəncərəsində komandaya cəlb olunan legionerlərin pis təsir bağışlamayıblar: "Xüsusilə braziliyalı hücumçular - Tiaqo Bezerra və Ramon Maçado özlərini yaxşı tərəfdən göstərə bildilər. Amma gərək, orta xətt oyunçuları onları topla təmin etsinlər. Yarımmüdafiədə sanballı futbolçular oynamalıdırlar ki, forvardlar qol epizodlarına girə bilsinlər".

Qurbanov Samir Abasovun "Neftçi"dəki gələcək taleyinə də toxunub: "Bu barədə heç nə danışmaq istəmirəm. Çünki məlumatım yoxdur. Hər şeyə 2 iyun iclasında aydınlıq gələcək".

Baş məşqçinin Qəbələdə eyniadlı komandaya 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın XXVII tur matçından sonra azarkeşlər barədə səsləndirdiyi fikirlərə də münasibət bildirən klub rəsmisi fanatların baxımlı oyun tələb etməkdə haqlı olduqlarını vurğulayıb: "Azarkeş oyun tələb edir. Düşünür ki, matçlara gəlib qışqırıramsa, canımı qoyuramsa, komanda buna baxımlı oyunla qarşılıq verməlidir. Gərək, Abasov deyərdi ki, narahat olmayın, qarşıda avrokuboklar var, daha yaxşı çıxış edəcəyik. Tərəfdarlar stadiona gözəl oyun üçün gəlirlər. "Neftçi" isə hələlik bunun 70-80 faizini göstərə bilir".

Son xəbərlər

Orphus sistemi