Səfir Muriel Peneveyre: "Çox şadam ki, İsveçrə millisi Bakıda oynayacaq" - MÜSAHİBƏ

Səfir Muriel Peneveyre: "Çox şadam ki, İsveçrə millisi Bakıda oynayacaq" - MÜSAHİBƏ "Ehtiyac olacağı təqdirdə, İsveçrə azarkeşlərinə konsulluq məsələləri baxımından bütün lazımi dəstək göstəriləcək"
Futbol
251
28 Aprel , 2021 11:40
Səfir Muriel Peneveyre: Çox şadam ki, İsveçrə millisi Bakıda oynayacaq - MÜSAHİBƏ
Muriel Peneveyre

İsveçrə Konfederasiyasının Azərbaycan və Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyrenin "Report"a eksklüziv müsahibəsi

- Futbol üzrə İsveçrə milli komandası Avropa çempionatının qrup mərhələsinin 2 oyununu Bakıda keçirəcək. Azərbaycan paytaxtındakı oyunlardan gözləntiləriniz nədir?

- İsveçrənin Bakıdakı səfiri kimi çox şadam ki, İsveçrə milli komandası Bakıda oynayacaq. Bu, İsveçrəni Azərbaycanda, Azərbaycanı isə İsveçrədə daha yaxşı tanıtmaq üçün fürsətdir və çox önəmlidir. Çünki ölkələr arasında qarşılıqlı əlaqələr yalnız siyasət, iqtisadiyyat, elm və mədəniyyət sahəsində münasibətlərlə məhdudlaşmır, həmçinin insanların bir-biri ilə təmasını özündə ehtiva edir. COVİD-19 pandemiyası dövründə səyahətlərin məhdudluğuna rəğmən, ümidvaram ki, İsveçrə millisinin Bakıdakı oyunları iki ölkə arasında əlaqələrin daha da güclənməsinə töhfə verəcək. İdman nəticələri baxımından, əlbəttə, mən İsveçrə millisini dəstəkləyir və onların uğur qazanmasını arzulayıram! İstər fərdi, istər kollektiv şəkildə idman, ədalətli oyun və hörmət dəyərlərini təbliğ edən yarış görmək arzusundayam.

- Azərbaycan iştirakçı ölkələrin azarkeşləri də daxil olmaqla, oyunlar zamanı Bakı Olimpiya Stadionuna ümumi azarkeş tutumunun 50 faizi qədər tamaşaçı buraxılacağına təminat verib. Bu baxımdan, İsveçrədən nə qədər azarkeşin gəlişini gözləyirsiniz?

- İsveçrə yığmasının Bakıya gələ biləcək fanatlarının sayı haqqında məlumata hələlik malik deyilik. Bu, qarşıdakı həftələrdə məlum olacaq. Lakin səfirlik, ehtiyac olacağı təqdirdə, İsveçrə azarkeşlərinə konsulluq məsələləri baxımından bütün lazımi dəstəyi göstərəcək.

- AVRO-2020-nin Bakıdakı oyunlarının təşkilatçılığı barədə nə deyə bilərsiniz?
- Bir neçə gün öncə, aprelin 22-də AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla görüşdüm və əmin oldum ki, belə bir mötəbər yarışa hazırlıqlar çox peşəkar səviyyədə təşkil olunur.

- Azərbaycanlı futbol həvəskarlarının Türkiyə millisinə azarkeşlik edəcəkləri heç kimə sirr deyil. Bu mənada İsveçrə üçün Bakıda Uelslə yox, Türkiyə ilə qarşılaşmanın daha çətin alınacağını düşünmürsünüz?

- Çempionatın final mərhələsində asan oyunlar olmur. Əminəm ki, bütün komandalar öz rəqiblərinin güclü və zəif tərəflərini, eləcə də digər şərtləri diqqətlə öyrənir, uyğun şəkildə hazırlaşırlar. Mənim üçün önəmlisi odur ki, rəqibdən asılı olmayaraq, ədalətli oyun və hörmət hər zaman yüksəkdə olsun. Əminəm ki, futbol fanatları da yarışın uzun illər yaddaşlarda qalmasını və sevinc dolu bayrama çevrilməsini görmək istəyirlər.

- A qrupunun təqviminə əsasən, İsveçrə yığması Bakıya 2 dəfə səfər etməli olacaq. Belə oyun qrafiki komandanıza əlavə problem yaratmayacaq?

- Oyunların təqviminə əsasən, İsveçrə millisi Bakıda Uels və Türkiyə ilə keçirəcəyi iki oyunu arasında İtaliyanın paytaxtı Romaya da səfər edəcək. Bu da logistika baxımından hansısa çətinliklər yarada bilər. Lakin düşünürəm ki, işlərin səlis getməsi üçün bütün mümkün tədbirlər görüləcək.

- İsveçrə yığmasının AVRO-2020-dəki şanslarını necə dəyərləndirirsiniz?

- Avropa çempionatına yüksələn hər bir komanda güclüdür. Ona görə də risk edib hər hansı proqnoz verməzdim. Əlbəttə, mən İsveçrə yığmasını dəstəkləyir və ümid edirəm ki, bu komanda yaxşı nəticələr qazanacaq.

- Bir xanım kimi daha çox futbola, yoxsa zərif cins nümayəndələrinə xas olan idman növləri, məsələn, gimnastika, fiqurlu konkisürmə və s. maraq göstərirsiniz?

- İstər futbol, istər gimnastika, istərsə də xizək idmanı və ya başqa növlər olsun, çalışıram ki, böyük idman hadisələrini xəbərlərdən izləyim. Bakıda bir çox önəmli beynəlxalq yarışların təşkil olunduğunu bilirəm. Məsələn, gəlişimdən az sonra, 2019-cu il Avropa Gənclər Olimpiya Festivalına şahidlik etdim. İdman tədbirində İsveçrə nümayəndə heyəti geniş tərkibdə iştirak edirdi. Oradan çox xoş xatirələr qaldı.

İsveçrə vətəndaşı olaraq başqa bir idman növünü qeyd etmək istəyərdim: tennis. Böyük çempion Roje Federer isveçrəlidir və biz onunla fəxr edirik.

Gimnastika həm Azərbaycanda, həm də İsveçrədə populyardır. İsveçrənin Bazel şəhəri 21 - 25 apreldə idman gimnastikası üzrə Avropa empionatına ev sahibliyi etdi. Orada Azərbaycan milli komandası da iştirak edirdi.

- İsveçrədə dağ xizəkçiliyi kimi qış idman növləri də inkişaf edib. Sizcə, Qusar və Qəbələdəki komplekslərdə belə bir şərait varmı?

- İsveçrə və Azərbaycanın fərqli landşafta, o cümlədən, yüksək dağlara malik olmaları baxımından bəxtləri gətirib. İsveçrədə xizəksürmə “milli idman” növü adlandırılır. Çünki uzun tarixə malik populyarlığı var. Pandemiyaya görə səfər etmək imkanım olmasa da, bilirəm ki, Azərbaycanda heyranedici şəraitdə yaxşı səviyyədə fəaliyyət göstərən dağ xizəyi üzrə istirahət zonaları mövcuddur. Ümid edirəm ki, xizək idmanı daha da məşhurlaşacaq və inkişaf edəcək, əcnəbi turistləri bu regiona cəlb edəcək.

Son xəbərlər

Orphus sistemi