İtaliyanın “Ferrari” komandasının pilotu Sebastyan Fettel mayda da Bakıya gələ bilər.
“Report” xəbər verir ki, bu barədə 32 yaşlı pilotun açıqlamasında bildirib. Almaniyalı dördqat dünya çempionunun sözlərinə görə, bunun üçün azarkeşlik etdiyi Almaniyanın “Ayntraxt” klubu mayın 29-da Bakıda baş tutacaq UEFA Avropa Liqasının finalına vəsiqə qazanmalıdır: “Əlbəttə, finalın Bakıda olacağını bilirəm. Öz “Ayntraxt”ıma azarkeşlik edəcəyəm. Lakin özünüz də başa düşürsünüz - əvvəlcə finala çıxmalı, sonra Bakıya bilet sifariş verməliyik”.
Qeyd edək ki, Frankfurt təmsilçisi yarımfinalda İngiltərənin “Çelsi” komandası ilə qarşılaşacaq. Oyunlar mayın 2-də və 9-da keçiriləcək.