Bakı. 16 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Səbail" komandası ilk yoxlama oyununu keçirib.
"Report" xəbər verir ki, Aftandil Hacıyevin baş məşqçisi olduğu kollektiv Macarıstan "Akvital"ı ilə üz-üzə gəlib. Lara qəsəbəsindəki "Miracle" otelinin meydançasında baş tutan qarşılaşma "Səbail"in 3:2 hesalı qələbəsi ilə başa çatıb.
Paytaxt təmsilçisinin heyətində qolları 44-cü dəqiqədə Kevin Kubemba, 68-ci və 90-cı dəqiqələrdə isə Ruslan Qurbanov vurub. Qurbanov 66-cı dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.
Matç yanvarın 15-də hava şəraiti ilə əlaqədar bu günə təxirə salınmışdı.
Qeyd edək ki, hazırda Azərbaycan klublarından "Sumqayıt"nin Qazaxıstan "Jetısu" ilə oyunu davam edir. Bu gün həmçinin "Qəbələ" - “Meppen” (Almaniya), "Sabah" - "Tobol" (Qazaxıstan) və "Qarabağ" - "Uypeşt" (Macarıstan) qarşılaşmaları keçiriləcək.