“Səbail”in yoxlama oyunu keçirəcəyi daha iki rəqibi müəyyənləşib
- 08 yanvar, 2018
- 13:10
Bakı. 8 yanvar. REPORT.AZ/ “Səbail” futbol komandasının qış hazırlıq dönəmində yoxlama oyunu keçirəcəyi daha iki rəqibi müəyyənləşib.
“Report”un məlumatına görə, Azərbaycan Premyer Liqasının debütantı yanvarın 11-də I Divizion təmsilçisi “Sabah”la qarşılaşacaq. “Bayıl Arena”da keçiriləcək oyun saat 17:00-da başlayacaq.
Samir Əliyevin rəhbərlik etdiyi kollektivin digər rəqibi Ukraynanın “Çernomorets” komandası olacaq. Odessalılarla görüş yanvarın 23-də Türkiyədə baş tutacaq.
Qeyd edək ki, təlim-məşq toplanışının ilk mərhələsini Bakıda keçirəcək “Səbail” yanvarın 15-də MOİK, 18-də isə “Sumqayıt”la qarşılaşacaq. Antalya bölgəsində baş tutacaq ikinci mərhələdə isə 4 görüş nəzərdə tutulub. Bakılılar “Çernomorets”lə yanaşı, yanvarın 26-da Serbiyanın “Napredak”, 29-da isə Bolqarıstanın “Lokomotiv” (Plovdiv) komandası ilə üz-üzə gələcəklər. Digər rəqibin adı və oyunun vaxtı yaxın günlərdə bəlli olacaq.