Bakı. 19 oktyabr. REPORT.AZ/ “Səbail” klubunun futbolçusu Edqar Paçeko Rodrigesin “Report”a müsahibəsi...
- Peşəkar karyeranıza Meksikada - “Atlas” klubunda başlamış, daha sonra da doğma ölkənizdə bir neçə klubda çıxış etmisiniz. Lakin sonradan Şimali Amerikanı tərk edərək Asiya və Avropada legioner həyatı yaşamısınız. Bunlar sizin üçün çətin sınaq olmadı?
- Bəli, Meksikada bir neçə klubda oynamışam. Vətənimdən kənardaki ilk təcrübəm isə Cənubi Koreyada olub. Bu, çox maraqlı təcrübə idi. Sonralar Bəhreyn və Kipr çempionatlarında oynadım. Azərbaycan isə çıxış etdiyim sayca beşinci ölkədir. Ümumiyyətlə, fərqli ölkələrə səyahət edib, müxtəlif futbol mədəniyyətlərini kəşf etməyi sevirəm. Buradaki futbolun səviyyəsi, şəhər, insanlar – hər şey çox xoşuma gəlir. Azərbaycan karyeram çox maraqlı keçir.
- Vətəninizi erkən tərk etdiyinizi nəzərə alsaq, deyə bilərikmi ki, Meksika futbolunda öz yerinizi tapmaqda çətinlik çəkdiniz?
- Bilirsiniz, Şimali Amerikada futbol oynamaq çox çətindir. Orada futbolun səviyyəsi kifayət qədər yüksəkdir və çoxlu güclü oyunçular var. Həm də o vaxtlar çox gənc idim və hər şey fərqli idi. Bu cür periodlar sənə bir gənc oyunçu kimi çoxlu təcrübə qazandırır. Mən də Meksikada bir çox güclü oyunçu ilə bir komandada məşq etmiş və onlardan çox şey öyrənmişəm. İndi də öyrəndiklərimi öz oyunuma tətbiq etməyə çalışıram.
- Dünyanın müxtəlif ölkələrində futbol oynamısınız. Azərbaycanda hansı fərqlilikləri müşahidə edirsiniz?
- Məsələn, Asiyada futbolun inkişafı üçün çox iş görür və Avropadan mümkün qədər çox şey götürməyə çalışırlar. Orada da çıxış etmək kifayət qədər çətindir, çünki o ölkədə çoxlu peşəkar və fiziki cəhətdən güclü oyunçular çıxış edir. Burada isə texniki qabiliyyətləri ilə seçilən futbolçular üstünlük təşkil edir. Düşünürəm ki, əsas fərq budur.
- Cənubi Koreya futboluna uyğunlaşa bilmədiyiniz üçün oradan belə erkən ayrıldınız?
- Bəli. Düzü, bu, mənim üçün çətin idi. Amma həmin vaxt mənə Bəhreyndən yaxşı təklif gəlmişdi. Ona görə getməyə qərar verdim. Dəyişiklik etməyi sevirəm.
- Maraqlıdır, peşəkar futbolçu yaşadığı yerdən uzaq ölkənin klubuna transfer olunarkən nələrə diqqət edir: Ən önəmli məsələ işin maddi tərəfidir, yoxsa…?
- Xeyr. Şəxsən mənim üçün birinci vacib məsələ fərqli mədəniyyətlərlə tanışlıqdır. İkincisi isə... Ümumiyyətlə, futbolu sevirəm və müxtəlif ölkələrdə bu qarşılaşmanın necə oynanıldığını öz gözlərimlə görmək istəyirəm. Hazırda Azərbaycanda hər şey məni qane edir.
- Azərbaycana gəlməzdən əvvəl bu ölkə və “Səbail” haqqında nə bilirdiniz?
- Çox şey bilmirdim. Bu səbəbdən, internetdə bir qədər axtarış etdim. Lakin indi görürəm ki, çox maraqlı və gözəl ölkəniz var. Buradaki insanlar, oynanılan futbol və s. çox xoşuma gəlir. Azərbaycanda özümü çox xoşbəxt hiss edirəm.
- Adaptasiya prosesini keçməkdə sizə kim kömək oldu?
- Buradaki azərbaycanlı dostlarım. Onlar məni xeyli məsələ barədə məlumatlandırırlar və bu da mənə çox kömək edir.
- Ölkədə ən çox nəyə uyğunlaşmaqda çətinlik çəkdiniz?
- Xüsusi bir çətinliyim olmadı. Hər şey əladır və burada özümü çox rahat hiss edirəm.
- Bakını gəzmək imkanı əldə edə bilmisiniz?
- Hələ ki, yox. Amma gəzəcəyəm.
- Buradaki dostlarınızla birgə vaxt keçirirsiniz?
- Bəli. Klub daxilində maraqlı insanlar tanımağa başlamışam. Bir neçə dostum var və onlarla münasibətim çox yaxşıdır.
- “Səbail”dəki çıxışınızdan razısınız?
- Razıyam, amma bilirəm ki, komandaya daha çox fayda verə bilərəm. Bir futbolçu kimi hər zaman daha çoxunu etməyə çalışmalıyıq. Mən də “Səbail”a kömək etməyə və komanda üçün vacib bir oyunçuya çevrilməyə çalışıram.
- 28 yaşınız var. Gələcək üçün hədəfləriniz nələrdir?
- Gələcəkdə nə olacağını heç birimiz bilmirik. Amma təkrar qeyd etmək istəyirəm ki, Azərbaycanda olmaqdan məmnunam və burada qalmaq istəyirəm.
- “Səbail” klubu ilə müqaviləniz bitdikdən sonra Azərbaycanın başqa bir klubunda çıxış etmək istərdiniz?
- Bu barədə nə isə deyə bilmərəm, çünki hazırda “Səbail”lə müqaviləm var və burada hər şey məni qane edir. İndi yalnız bu klub üçün əlimdən gələni etmək barədə düşünürəm. Daha sonra, vəziyyətə baxacağıq. Bilmək olmaz...
- Azərbaycanda yaşamaqdan və “Səbail”da oynamaqdan məmnun olduğunuzu qeyd etdiniz. Belə bir imkan yaransa, karyeranızı məhz bu klubda yekunlaşdırmaq istərdiniz?
- Əlbəttə. “Səbail” burada qalmağımı istəsə, şad olaram. Niyə də yox?
- Karyeranızı yekunlaşdırdıqdan sonra nə etməyi düşünürsünüz?
- Düzü, bilmirəm. Sadəcə, bu günə köklənmişəm və futboldan zövq almağa çalışıram. Sonrasına baxacağıq.
Kənan ABİD
Foto: Firi Salim