Samir Abasov: "İstefa" qışqıranlar həyatda mövqeyi olmayan insanlardır"

Samir Abasov: "İstefa" qışqıranlar həyatda mövqeyi olmayan insanlardır" "İnamlı çıxış etdik. İlk dəqiqələrdən nəzarəti ələ aldıq. Bu cür təzyiq gözləyirdik. Çünki rəqibə xal lazım idi. Hər şey gözlədiyimiz kimi başladı. Rəqibi qələbə münasibətilə təbrik edirəm".
Futbol
335
9 May , 2022 21:45
Samir Abasov: İstefa qışqıranlar həyatda mövqeyi olmayan insanlardır

"İnamlı çıxış etdik. İlk dəqiqələrdən nəzarəti ələ aldıq. Bu cür təzyiq gözləyirdik. Çünki rəqibə xal lazım idi. Hər şey gözlədiyimiz kimi başladı. Rəqibi qələbə münasibətilə təbrik edirəm".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın XXVI tur matçından sonra deyib.

O bildirib ki, matçın gedişində "İstefa" şüarları səsləndirənlər həyatda mövqeyi olmayan insanlardır: "Onlar ötən mövsüm yanımızda fırlanırdılar. Məni buraya azarkeş gətirməyib. Klub nə qərar versə, o da olacaq. Azarkeş heç nəyi həll etməyəcək. Boş verin, getsin".

44 yaşlı mütəxəssis ilk dəfə oyuna təzyiqiz başladıqlarını söyləyib: "İtirəcəyimiz bir şey yox idi. Rəqibi təbrik edirəm. Deyiləsi çox söz yoxdur. Bəlkə də əvvəlcədən turnir cədvəlindəki mövqeyimizi bilməyimiz arxayınlıq yarada bilər. "Qəbələ"nin təzyiq edəcəyini gözləyirdik. Təxminlərimiz düz çıxdı. Bu da səhvlərimizdən qaynaqlanırdı. Tədricən təşəbbüsü ələ aldıq. Təəssüf ki, qol epizodları yarada bilmədik. Artıq ikinci yeri təmin etmişik. Buna görə futbolçuları, onların ailələrini təbrik etdim".

Abasov Mamadu Mbocun aqressiv hərəkətinin səbəbini də açıqlayıb: "Bu, əvəzetmə ilə bağlı deyildi. Onu yaxşı tanıyıram. Sadəcə, buraxdığımız qola əsəbiləşdi. Yenə də onu sakitləşdirməyə çalışdıq. Futbolçularımız artıq "Qarabağ"ın çempionluğu ilə razılaşmışdı. Bilirdik ki, fərqi aradan qaldıra bilməyəcəyik. Bunu bilə-bilə futbolçuların sonadək oynaması təqdirəlayiqdir. Daha da aşağı düşə bilərdik. Ab-havanı qoruyub-saxlamaqda bizim də rolumuz var. Amma futbolçuların xidməti danılmazdır".

Baş məşqçinin spzlərinə görə, azarkeşlərin "İstefa qışqırmaları anormallıqdır: "Birincisi, çempionluq hədəfi mövsümün əvvəlində qarşıya qoyulur və hamı buna uyğun hərəkət edir. Bu gün sənin əsas rəqibinin heyətində 300-400 minlik oyunçular varsa, illərlə qurulmuş komandaya qarşı mübarizə aparırsansa, təbii ki, çətin olacaq. Vicdanımla deyirəm ki, layiq olduğumuz yeri tutduq. "İstefa" şüarları səsləndirənlər Qəbələyə sırf bununla bağlı gəlmişdilər. "Qarabağ" fanatları da bununla bağlı bizimlə məzələnirsə, tək komanda deyil, ümumilikdə "Neftçi" düzəlməlidir".

Abasov "Neftçi"yə gələndə fanatların təzyiqi barədə düşünmədiyini vurğulayıb: "Yeni gələndə azarkeşlərlə futbolçular arasında münasibət o qədər pozulmuşdu ki, hətta fanatları salamlamağa belə getmirdilər. Aranı düzəldən insan mənəm. Amma görürəm ki, özləri də parçalanmış şəkildədirlər. Bir yerə vurmaq istəmirlər. Təzyiqdən qorxacağıqsa, inkişaf etməyəcəyik. Hər şey baş məşqçinin üzərindədirsə, deməli, futbolun zayı çıxıb".

Mütəxəssis fanatların stadiona sırf nəticə üçün gəldiklərini deyib: "Mən isə buna normal yanaşa bilmərəm. Yenə deyirəm, bu, anormallıqdır. Gerçəklik, haqq-ədalət hardadır? O vaxt yanıma gələn azarkeşlər demişdi ki, biz bilirik, komanda çempion ola bilməyəcək, çünki "Qarabağ" güclüdür, əsas odur, ürəklə oynayın. Və həmin mövsüm biz çempion olduq. Bunu edən insan mənəm. "Neftçi" mövsümü ikinci sırada bitirdi. Bundan artıq nə edə bilərdik? Məni bugünkü komandaya və nəticəyə görə günahlandırırlar. Biz, məsələn, "Sabah"dan 5 addım qabaqdayıqmı"?

Abasov indiyədək azarkeşlərin baş məşqçini, hətta klub rəhbərliyini dəyişdiyini görmədiyini bildirib: "İkinci yeri təmin etmişik, vəssalam. Bu gün bir oyundan yapışmaq lazım deyil. Ötən mövsüm çempion olanda niyə belə demirdilər? Büdcəyə cavabdeh insan mən deyiləm. Amma məni büdcə ayrılmamasına, "Qarabağ"a çatmamağımıza görə də günahlandırırlar. Üçüncü yeri tutsaydıq belə, mənim üçün pis nəticə olmayacaqdı. Hamımız asan yolu tutmuşuq. "Qarabağ"ın illərlə çempion olmağı məni narahat edir. Amma bu, mənim gücümü aşırsa, nə isə edə, Ağdam klubu ilə təkbaşına mübarizə apara bilmərəm. Mən kiməm ki, bu cür komanda yaradım, belə büdcə ayırım".

Son xəbərlər

Orphus sistemi