"Sabah"ın baş məşqçisi: "Oyunu tez başlatmalıydıq ki, gəlib qol vursunlar?"

"Sabah"ın baş məşqçisi: "Oyunu tez başlatmalıydıq ki, gəlib qol vursunlar?" Harada görünüb ki, üç qırmızı vərəqədən sonra qapıçı vaxtı aparmasın?
Futbol
25 Aprel , 2021 21:48
Sabahın baş məşqçisi: Oyunu tez başlatmalıydıq ki, gəlib qol vursunlar?

"Həftəboyu bu oyuna çox yaxşı hazırlaşmışdıq. "Neftçi"nin zəif və güclü tərəflərini təhlil etmişdik. Oyun əvvəldə də yaxşı gedirdi. Bu, sırf hesabda önə keçməyimizə görə deyildi".

"Report"un məlumatına görə, bu fikirləri "Sabah"ın baş məşqçisi Ramin Quliyev "Neftçi" ilə 2:2 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXIV tur oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, 20-25 dəqiqədən sonra gərginliyin yaranması artıq futbolçulara keçdi və ümumi oyunu dəyişdi: "Hakim ümumi oyunu əldən verdi. Buna baxmayaraq, qələbəyə daha çox biz layiq idik. Bu gün "Neftçi" bir xalı qazandı".

Quliyevin sözlərinə görə, qırmızı vərəqə ilə cəzalanan Bəhlul Mustafazadə belə epizodlarda daha diqqətli olmalıdır: "Epizoda baxıb, təhlil edəcəyik. Bəhlulun komandanı azlıqda qoyması xoşagəlməz hadisə idi. Ruslan Abışov təcrübəlidir. Onun meydana daxil olmasından sonra təcrübəsi özünü göstərdi".

Baş məşqçi futbolçularına göstərilən üç qırmızı vərəqənin intizamsızlıqla bağlı olmadığını söyləyib: "20 dəqiqədən sonra hakimin oyunu əldən verməsi vəziyyəti bu yerlərə gətirib çıxardı. Mən futbolçumun qırmızı vərəqə almasını hakimin boynuna yıxmıram. Epizodlara daha diqqətlə baxıb, dəyərləndirmək lazımdır".

O, qapıçıları Saşa Stamenkoviçin vaxtı aparmasına da münasibət bildirib: "Bu gün çempionluğa oynayan komanda xal itirdi. Samir Abasovun bizim qapıçıya münasibət bildirməsini başa düşə bilmirəm. Amma harada görünüb ki, üç qırmızı vərəqədən sonra qapıçı vaxtı aparmasın? Onlar kimi biz də xal qazanmalıyıq. Nə etməliydik? Tez başlamalıydıq ki, gəlib qol vursunlar? Rəqib baş məşqçinin bizim futbolçular haqqında fikir bildirməsini başa düşmürəm. Gərək, biz də rəqib oyunçular barəsində danışaq"?

Son xəbərlər

Orphus sistemi