"Uzunmüddətli məğlubiyyət seriyasına son qoyduq. Rəqibin ilk hücumundan sonra hesabda geri düşdük. Bütün futbolçuları təbrik edirəm. Onlar bacardıqları hər şeyi etdilər. Bizim üçün asan matç olmadı. Kollektivdəki bəzi oyunçular bizə gec qoşulublar. Amma inanıram ki, vaxt keçdikcə yaxşı olacaq".
"Report"un məlumatına görə, bu fikirləri "Sabah"ın baş məşqçisi Jelko Sopiç Premyer Liqanın XVI turunda "Qəbələ"ni 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.
46 yaşlı mütəxəssis iki mərkəz hücumçusu ilə oynamaqlarına münasibət bildirib: "Son üç matçda qol vura bilməmişdik. İndi iki mərkəz hücumçumuz var. Hər ikisi təcrübəlidir. Amma hələ ki, tam hazır deyillər. Meydanda nə etməli olduqlarını bilirlər. Gələcəkdə 2 və ya 1 hücumçu ilə oynaya bilərik. Bir şeyi də əlavə etmək istəyirəm. Ümumiyyətlə hakimlər barədə danışmağı sevmirəm. Amma "Real Madrid"in "Real Sosyedad"la matçına baxdım. 3 dəfə VAR-dan istifadə edildi, sonda cəmi 5 dəqiqə əlavə edildi. Bu gün 7 dəqiqə artırılması çox idi. “Qəbələ”nin də, öz komandamın da futbolçularını təbrik edirəm. Hər iki tərəf əlindən gələnin 100 faizini meydanda qoydu".