"Sabah" Azərbaycan Kubokunda 1/4 finala yüksələn növbəti klub olub.
"Report" xəbər verir ki, paytaxt təmsilçisi 1/8 final mərhələsinin Tovuz şəhər stadionunda keçirilən oyununda " Turan Tovuz"u penaltilər seriyasında məğlub edib.
Qarşılaşmanın əsas və əlavə vaxtı 2:2 hesablı bərabərliklə yekunlaşıb.
Meydan sahiblərinin heyətində Aleks Souza (28) və Otto Con (113) fərqlənib. Qonaq komanda isə Con İrasabal (45+2) və Neqoş Kupusoviç (117) adını tabloya yazdırıb.
11 metrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən (3:1) Vasili Berezutskinin rəhbərlik etdiyi kollektiv növbəti mərhələyə adlayıb. "Sabah"ın 1/4 finalda rəqibi "Sumqayıt" - MOİK cütünün qalibi olacaq.
Qeyd edək ki, daha əvvəl baş tutan matçların nəticələrinə görə "Səbail" və "Araz-Naxçıvan" 1/4 finala vəsiqə əldə edib.