Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, "Sabah" Masazırdakı "Bank Respublika Arena"da "Qəbələ" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Yeganə qolu ilk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə Ramil Şeydayev vurub. 25 yaşlı forvardın qolu eyni zamanda komandasının 7 oyunluq qələbəsizlik seriyasına son qoyub.
Bu nəticədən sonra xallarının sayını 19-a çatdıran "Sabah" sonuncu pillədə xilas olaraq, 7-ci sıraya yüksəlib. "Qəbələ" isə 23 xalla 5-ci yerdə qalıb.
Qeyd edək ki, günün ilk oyununda "Neftçi" evdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzub. Turun açılış matçında isə "Səbail" və "Zirə" qolsuz heç-heçəyə razılaşıb. Tura hazırda davam edən "Keşlə" - "Qarabağ" görüşü ilə yekun vurulacaq.