Ruslan Qurbanov: "Farer adaları və Maltanı məğlub etməyə məcburuq"

Ruslan Qurbanov: "Farer adaları və Maltanı məğlub etməyə məcburuq" "Nəyisə düz etməmişəm, bunu bir daha təkrarlamaram"
Futbol
1 Oktyabr , 2018 12:55
Ruslan Qurbanov: Farer adaları və Maltanı məğlub etməyə məcburuq
0 : 00
0 : 00

Bakı. 1 oktyabr. REPORT.AZ/ “Həqiqətədən “Neftçi” hazırda yüksəlişdədir və “Qarabağ”la layiqli mübarizə aparır. Komanda birinci pillədə qərarlaşıb. Bu rəqibə uduzmaq heç də yaxşı olmadı. Hələ də həmin görüş barədə düşünürəm”.

“Report” xəbər verir ki, bunu Azərbaycan millisinin və “Səbail” komandasının futbolçusu Ruslan Qurbanov Premyer Liqanın VI turunda “Neftçi”yə 0:4 hesablı məğlubiyyəti şərh edərkən deyib. 27 yaşlı hücumçu bu görüşü yaxşı analiz edib, səhvərdən nəticə çıxaracaqlarını söyləyib. O, VII turda “Sumqayıt”la ev oyununa daha yaxşı hazırlaşacaqlarını vurğulayıb: “Neftçi” ilə matçda buraxdığımız səhvlərə yol verməməliyik. Fikrimcə, qollardan üçünü özümüz-özümüzə vurduq. Dördüncü topda isə ustalıq səviyyəsi hiss olunurdu. Çox gözəl qol alındı”.

Qurbanov qarşılarına Avropa Liqasına vəsiqə məqsədinin qoyulmadığını da vurğulayıb. Lakin o, avrokuboklara vəsiqə qazanmağa çalışacaqlarını söyləyib: "Çempionatda zəif komanda yoxdur. Əlbəttə, Avroliqaya düşməyi çox istərdik. Amma bunun çox çətin olacağını başa düşürük. “Beşlik”də olmaq üçün əlimizdən gələni edəcəyik".

"Səbail"in əsas heyətinə düşməkdə çətinlik çəkən təcrübəli forvard Malta ilə UEFA Millətlər Liqasındakı son oyunun iştirak ərizəsində də yer almayıb. Lakin o, belə halların müvəqqəti xarakter daşıdığını iddia edib: "Növbəti matçda “11-lik”də yer alacaq, hər zaman start heyətə düşmək üçün mübarizə aparacağam. Bu dəfə oyuna sonradan qoşulmağım baş məşqçinin qərarı idi. Demək, belə lazım bilib. Üstəlik, Ağabala Ramazanov zədə səbəbindən uzun müddət oynamırdı. Baş məşqçi hamıya şans vermək istəyir. Növbəti görüşlərdə hər birimizi ehtiyatda görə bilərsiniz. Baş məşqçinin seçiminə hörmətlə yanaşıram. Yığmaya gəlincə, buna da Qurban Qurbanov qərar verir. Onun da qərarına hörmət edirəm. Malta ilə oyunun iştirak ərizəsində yer almamağımdan belə başa düşürəm ki, nəyisə düz etməmişəm. Nə etdiyimi yaxşı bilirəm. Yəqin ki, bunu bir daha təkrarlamaram".

R.Qurbanov oktyabrın 11-də Farer adaları ilə səfərdə, oktyabrın 14-də isə Malta ilə evdə keçirəcəkləri Millətlər Liqasının növbəti oyunları barədə də danışıb. O, hər iki görüşün həlledici olacağını vurğulayıb: "İlk iki qarşılaşmada Bakıda Kosovo ilə 0:0, səfərdə isə Malta ilə 1:1 hesablı heç-heçə etmişik. Qarşımıza qrupdan çıxmaq məqsədi qoymuşuqsa, Farer adaları və Maltanı məğlub etməyə məcburuq. Hərçənd, Farer adaları yaxşı komandadır. Əvvəlki vaxta baxmayaq, indi bütün komandalar futbol oynamağı bacarırır. Bütün xalqı sevindirmək istəyirik. Həqiqətən də ilk iki görüşdəki heç-heçəni ağrı ilə qəbul etdik. Çünki hamı bizə böyük ümid bəsləyirdi. Söz veririk ki, xalqımızı sevinməsi üçün əlimizdən gələni edəcəyik".

Son xəbərlər

Orphus sistemi