"Bursaspor" klubu Robert Prosineçkidən əl çəkmir
- 24 yanvar, 2017
- 06:12
Bakı. 24 yanvar. REPORT.AZ/ Türkiyənin "Bursaspor" klubu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ilə bağlı məsələyə nöqtə qoymayıb. "Report"un məlumatına görə, iki gündür Bakıda olan klubun İdarə Heyətinin üzvü Yüksek Çolak xorvatiyalı mütəxəssislə danışıqları davam etdirir.
Klub prezidenti Ali Ay "beIN SPORTS"a açıqlamasında, Robert Prosineçkini komandada görmək istədiklərini deyib. O, bildirib ki, məsələ ən qısa zamanda dəqiqləşəcək: "Mən sənayeçiyəm, sabitlik tərəfdarıyam. Təəssüf ki, Hamza Hamzaoğlu ilə olmadı və qarşılıqlı razılaşma ilə yollarımızı ayırdıq. Təxminən 3-4 gündür baş məşqçi axtarışları davam edir. Nəticədə əcnəbi məşqçi ilə işləməyə qərar verdim. İki əməkdaşımız hazırda Azərbaycandadır və yığmanın baş məşqçisi Robert Prosineçki ilə danışıqlar aparır. Şərtlər uyğun olsa, anlaşsaq, baş məşqçini də özləri ilə gətirib gələcəklər".
Klubun İdarə Heyətinin üzvü Yüksel Çolak isə dünən Bakıda xorvatiyalı mütəxəssislə görüşüb. Görüş uzun çəkdiyindən, məsələnin dəqiqləşməsi bu günə qalıb. Klub rəsmisi baş məşqçinin AFFA prezidenti Rövnəq Abdullayevlə görüşəcəyini də bildirib: "Prosineçki təklifə müsbət yanaşır. Özü də "Bursaspor"a gəlmək istədiyini, komandanı və heyəti yaxşı tanıdığını söylədi. Ancaq o, milli komandada işləyir və müqavilə var. Millidən ayrıldıqda, mənfi görüntü yaratmaq istəmir. Prosineçki bu gün AFFA prezidenti ilə görüşəcək. O, Azərbaycandakı işinin başa çatdığını bildirərək, ayrılmaq istədiyini deyəcək. Hər hansı problem çıxmasa, Bursaya birgə yollanacağıq".
O, AFFA-dan məşqçilər heyəti ilə birgə ildə 1,2 milyon avro alan R.Prosineçkinin məsələsinin gün ərzində dəqiqləşəcəyini də əlavə edib.
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu isə "Report"a açıqlamasında 48 yaşlı mütəxəssisin AFFA ilə müqaviləsinin olduğunu və onun 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində martın 26-da Bakıda Almaniya ilə keçiriləcək oyuna hazırlaşdığını deyib: "Prosineçki "Bursaspor"dan təklif aldığını bizə də etiraf edib. Lakin o, AFFA ilə müqaviləsininin davam etdiyi üçün yığmada qalmağa qərar verdiyini bildirib. Rövnəq Abdullayevlə görüş isə olmayacaq. Bizim üçün bu məsələ artıq qapanıb".
Qeyd edək ki, "Bursaspor" bir neçə gün öncə baş məşqçi Hamza Hamzaoğlu ilə yollarını ayırıb.