Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd olan Robert Prosineçki "Qarabağ" klubunun Fransada "Sent-Etyen" komandası ilə keçirdiyi futbol üzrə Avropa Liqası matçını izləyib. "Report"un məlumatına görə, xorvatiyalı mütəxəssis matçdan sonra "affa.az"a açıqlamasında "Qarabağ"ın heyətindəki azərbaycanlı futbolçuların çıxışından razılıq ifadə edib.
“Azərbaycan futbolu və futbolçuları ilə daha yaxından tanış olmaq baxımından bu oyunu izləmək mənim üçün vacib idi. Yaxşı və maraqlı oyun oldu. Komanda birinci hissədə daha yaxşı çıxış etdi və heyətdəki azərbaycanlı futbolçuların yaxşı oyunu məni sevindirdi. Şadam ki, bu oyunu canlı izlədim" deyə Prosineçki bildirib.
45 yaşlı mütəxəssis əlavə edib ki, tanışlıq xarakterli fəaliyyətini davam etdirmək məqsədilə Fransadan Bakıya dönəcək və Topaz Premyer Liqasında XIV turun bəzi oyunlarını izləməyə çalışacaq.
Qeyd edək ki, Azərbaycan milli komandasının baş məşqçisinin təsdiqlənməsi məqsədilə müzakirələr dekabrın 3-də AFFA İcraiyyə Komitəsinin iclasında aparılacaq.