Robert Prosineçki: "Azərbaycan yığması ilə müqaviləmi 2020-ci ilədək uzatmaq istəyirlər"

Robert Prosineçki: "Azərbaycan yığması ilə müqaviləmi 2020-ci ilədək uzatmaq istəyirlər" "Bir il öncə düzgün addım atdığımı düşünürəm"
Futbol
29 Yanvar , 2016 10:04
Robert Prosineçki: Azərbaycan yığması ilə müqaviləmi 2020-ci ilədək uzatmaq istəyirlər

Bakı. 29 yanvar. REPORT.AZ/ "Hazırkı müqaviləm 2017-ci ildə başa çatır. Amma rəhbərliyin anlaşma müddətini növbəti Avropa çempionatının seçmə tsiklinin sonunadək uzatmaq istədiyinə dair əlamətlər var. Yəni, mənə 2020-ci ilədək əməkdaşlıq təklifinin ediləcəyi mümkündür". "Report"un məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Serbiya mətbuatına müsahibəsində deyib.

Xorvatiyalı mütəxəssis bildirib ki, ona həqiqətən də əla şərait yaradılıb: "Yaxşı infrastruktur, sabit maliyyələşmə. Öz müqaviləmin maddi tərəfləri də yüksəkdir, amma bu, elə də önəmli deyil".

Prosineçki Azərbaycan yığmasına gəlişi ilə düzgün addım atdığını da bildirib: "Zəng gəldi, bütün vəziyyətlə tanış oldum və təklifi qəbul etməyi qərara aldım. Bu baxımdan, bir il öncə düzgün addım atdığımı düşünürəm".

Baş məşqçi Azərbaycanda olduğu müddətdə yığmaya özünəinam hissi aşıladığını açıqlayıb: "Düz bir il əvvəl əvvəlki baş məşqçinin ayağına yazılan ardıcıl məğlubiyyətlərdən sonra dəvət aldım. Elə bir vaxt idi ki, yığma heç bir xal qazana bilməmişdi. Ötən müddətdə irəliləyişə nail olduq, Maltanı yendik. Oyunçular təqdim olunduqlarından daha çoxuna layiq olduqlarını anlamağa başladılar. Azərbaycan yığması əvvəllər öz imkanlarına inanmadan hər oyunda az qol buraxmaq üçün oynayırdı. Mənim əsas vəzifəm odur ki, oyunçulara daha artığını etməyə qadir olduqlarını inandırım. Bunun üçün əsas da var: Azərbaycan döyüş növlərində yaxşı ənənələrə malikdir. Bu isə onların çox aqressiv və döyüşkən olmaları anlamına gəlir. Onlar üçün əsas məsələ təbii üstünlüklərini meydanda ortaya qoymaqdan ibarətdir".

Azərbaycanda çox istedadlı gənc futbolçuların olduğunu deyən Prosineçkinin fikrincə, U-21 yığmasının oyunçularını öz komandalarına götürmək istəyənlər var. Baş məşqçi "Antalya Cup" turnirini qazanan millinin Azərbaycanda futbolun gələcəyinin olduğunu nümayiş etdirdiyini vurğulayıb.

Qeyd edək ki, 20 günədək Türkiyənin Antalya bölgəsində olan Robert Prosineçki Azərbaycan komandalarının təlim-məşq toplanışlarını və oyunlarını izləyib.  

Son xəbərlər

Orphus sistemi