Rəşad Sadıqov: "Mən daha çox Amil Yunanov və Cavid İmamverdiyevlə mübarizə aparırdım"

Rəşad Sadıqov: "Mən daha çox Amil Yunanov və Cavid İmamverdiyevlə mübarizə aparırdım" Bakı. 3 mart. REPORT.AZ/ Qarabağın kapitanı, eləcə də komandanın 19 yaşadək, Azərbaycanın isə 21 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XVIII turunda səfərdə Sumqayıtla 1:1 hesablı heç-heçə etdikləri görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Futbol
3 Mart , 2018 22:47
Rəşad Sadıqov: Mən daha çox Amil Yunanov və Cavid İmamverdiyevlə mübarizə aparırdım

Bakı. 3 mart. REPORT.AZ/ "Qarabağ"ın kapitanı, eləcə də komandanın 19 yaşadək, Azərbaycanın isə 21 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XVIII turunda səfərdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdikləri görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.

"Report" xəbər verir ki, təcrübəli müdafiəçi öncə oyun haqda danışıb:

- Maraqlı oyun alındı. Səfərdə "Sumqayıt”dan üstün oynayacağımızı gözləmirdim. Demək olar ki, 90 dəqiqə oyuna nəzarət etdik. Rəqibin qapımıza vurduğu ikinci zərbəsi yadıma gəlmir. 1 zərbə oldu, o da qolla nəticələndi. Futbolçular yaxşı oynadılar. Oyunun təşkilatçılığı da yaxşı idi. Belə oyunda çoxlu epizodlarımız oldu. Lakin həmin onlar qolla nəticələnmədi. Rəqibin isə bir zərbəsi qolla nəticələndisə, 1 xal pis nəticə deyil.

- Şanssızlıq "Qarabağ”ın 3 xal qazanmağına mane oldu?

- Qol şanslarımız da çox oldu. Oyunun əvvəllərində də bu epizodlardan yararlana bilmədik.

- Azarkeşlə dialoqun oldu. Bu, nə ilə bağlı idi? Söyüş söydü?

- Xeyr. Söyüş yox idi. Sadəcə, söz dedi. Mən də ona fikrimi bildirdim.

- Bir epizoddan Ehtiram Şahverdiyev yararlana bilmədi. Digərində isə qol qeydə alınmadı. Sən isə qeyd etdin ki, "Sumqayıt"ın cəmi 1 qol epizodu oldu...

- Qapı çərçivəsinə 1 zərbə olub. Qol epizodunu isə bilmirəm. Mənə də maraqlıdır. Oyunun əvvəlində Ehtiram Şahverdiyevin qol epizodu oldu. İstifadə edə bilmədi. Ümumi götürsək, qapıya 1 zərbə oldu.

- 36 yaşlı Rəşad Sadıqov Azərbaycan çempionatında gəzə-gəzə oynayır. Qəbul eləməsən də, bu, belədir. Azərbaycan çempionatının səviyyəsi aşağıdır, yoxsa Rəşad Sadıqov o səviyyədədir ki, bu yaşda yaxşı oynayır?

- Özüm haqqımda nəyisə şərh etməyim düzgün olmaz. Çempionatımız gərgin keçir. Komandalar çox mübarizə aparırlar. Hiss olunur ki, ikinci dövrədə daha da gücləniblər.

- Meydanda baş məşqçisi olduğun 3 futbolçuya qarşı oynadın. Bu, necə bir hissdir? Sanki onlar bəzi epizodlarda səndən çəkinirdilər...

- O futbolçularla rastlaşdığımı xatırlamıram. Mən daha çox Amil Yunanov və Cavid İmamverdiyevlə mübarizə aparırdım. Özümə qarşı güzəşt hiss etmədim. Bu, çox normal hissdir. Heyət açıqlananda Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının 3 üzvünü gördüyüm üçün çox sevindim. Əvvəllər də Ehtiram Şahverdiyev əsas heyətdə oynayırdı. Bu gün isə həm Bəhlul Mustafazadə, həm də Xəyal Nəcəfovun oynaması məni sevindirdi. "Sumqayıt” kimi komandada 21 yaşlılardan ibarət millidən 3 futbolçu çıxış edir.

- Onların oyunları sizi qane etdi?

- Yaxşı mübarizə apardılar. Özlərini müsbət tərəfdən göstərə bildilər.

- Amil Yunanovun da milli komandada oynaması müzakirə olunur. Bu gün də qol vurdu. O, özünü sübut edə bildimi?

- Amil yaxşı futbolçudur. Ötən illərdə də yaxşı oynayıb. Düşünürəm ki, gücünü bir balaca da artırsa, baş məşqçi Qurban Qurbanovun diqqətini cəb edəcək. Hazırda da Qurban müəllimin diqqətində olan futbolçudur. Onun geniş siyahısı var. Həmin siyahıda Amil də yer alıb. Yunanov çempionatımızda yaxşı hücumçulardan biridir. Son dönəmlərdə Samir Abasov da ondan şikayət edir. Hər şey futbolçunun özündən asılıdır.

Hər bir baş məşqçi istəyər ki, ən yaxşı oyunçulardan istifadə etsin. Çünki nəticələrə o, məsuliyyət daşıyır. Baş məşqçi də istəyir ki, nəticə yaxşı olsun. Belə şey fikirləşmir ki, bunu yox, o biri futbolçunu götürüm. Mən də məşqçiliyə başlamışam. İstəyirsən ki, ən yaxşı kimdirsə, o oynasın. Doğma oğlun da olsa, onu qırağa qoyursan. Başqasını oynadırsan ki, təki nəticə olsun. Fikirləşirəm ki, Amil və digər yerli futbolçular əzmkarlıq göstərməli, milliyə düşmək üçün mübarizə aparmalıdırlar. Çünki hər birinin şansı var. Mən Qurban müəllimi yaxşı tanıyıram. Bilirəm ki, hər bir futbolçunun milliyə düşmə şansı var.

- Sanki Mahir Mədətov qış vasiləsindən sonra əvvəlki kimi oynamır. Bu gün də çox zəif çıxış etdi. Epizodlarda da ona etiraz edirdin. O, tək bu yükü daşıya bilmir, yoxsa başqa səbəblər var?

- Mahir hələ cavandır. Ona təcrübəli olmaq üçün illər lazımdır. Ustalığı daha da artmalıdır. Bu gün "Qarabağ”da hücumçu kimi oynamaq məsuliyyətli işdir. Bu, hər futbolçunun işi deyil. Mahir daha yaxşı formada olmalıdır. Mən özüm də o fikirdəyəm. Çalışır və mübarizə aparır, məşqlərdə də öz üzərində işləyir.

"Qarabağ”da öndə oynamaq üçün daha çox şey lazımdır. O, əvvəllər daha çox solda çıxış edirdi. Bu məqamın da təsiri var. Özünü fərqli hiss edir. Cinahda daha çox driblinq etmək şansı olurdu. Mən də bir epizodda ona iradımı bildirdim. Başqa iradım olmadı.

- Həm də "Qarabağ”ın 19 yaşlılardan ibarət komandasının baş məşqçisisən. Komandanın "Sumqayıt”la oyun təxirə salındı. Deyilənə görə, bu sənə görə təxirə düşüb...

- Biz iki dəfə təklif etdik. Rəqib oynamaq istəmədi. Mən də onları başa düşürəm. Bu oyun Çempionlar Liqasına görə təxirə düşmüşdü. Sonra biz vaxt təşkil elədik. Lakin "Sumqayıt”ın əsas komandasının əvəzedicilərlə oyunu oldu. Bu da normal haldır.

Gələn həftə növbəti tur üçün oynayacağıq. Bunun mənimlə heç bir əlaqəsi yoxdur. Təxirə salınmış oyunda iki komanda da razı olmalıdır. Biz də elə edək ki, hər ikimizə uyğun olsun. Bizimlə bağlı problem yoxdur.

- Qış fasiləsindən sonra "Qarabağ” 3 qol vurub. Bu, nə ilə bağlıdır?

- Mən heç vaxt futbolu qolla dəyərləndirmirəm. Amma çoxları futbolu qol və nəticə ilə qiymətləndirir. Bu gün pis oynayıb iki qol vura bilərdik. Əminəm ki, bu halda çoxları "Qarabağ" yaxşı formadadır" deyəcəkdi. Bu gün "Sumqayıt"la səfərdə belə futbol oynadıq. Bu, mənim üçün çox önəmlidir. Qol da vurduq. Bəzi epizodlardan yararlana bilmədik. Bu isə futbolda olan hallardır. Bu, məsələnin texniki tərəfidir. Güclü klublar da qol şanslarından istifadə edə bilmirlər. Bu, normaldır. 4 oyunda qol epizodlarımız çox olub. Amma istifadə edə bilməmişik. Bu, əvvəllər də bizim komandada olub. Biz o epizodlara görə Çempionlar Liqasının qrupundan da kənarda qalmışıq. Ötən mövsüm ikinci dövrəyə çox pis başladıq. Çoxlu xallar itirirdik. Belə hallarla rastlaşmışıq. Rəqiblər də güclüdür.

"Sumqayıt” və "Kəpəz” çox yaxşı müdafiə olunurdu. Digər klubları da misal göstərmək olar. Hər zaman ikinci dövrə birincidən yaxşı keçir. Komandalar istəkli olur. Özlərin yaxşı tərəfdən göstərmək istəyirlər.

Son xəbərlər

Orphus sistemi