Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti beynəlxalq matçını idarə edib.
"Report"un məlumatına görə, 29 yaşlı referi Avropa Liqasının qrup mərhələsi çərçivəsində Almaniyada "Şalke" ilə Fransanın "Nitsa" klubu arasında keçirilən oyunda baş hakim olub.
Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib. Qolları ukraynalı Yevgeni Konoplyanka (14-cü dəqiqə) ilə Dennis Aoqo (pen. 80) vurub. Ağayev bu matçda 6 sarı, 1 qırmızı vərəqə göstərib. O, 90+3-cü dəqiqədə meydan sahiblərinin qanalı yarımmüdafiəçisi Bernhard Tekpeteyi birbaşa qırmızı vərəqə ilə cəzalandırıb. Ağayev "Şalke"dən 2, "Nitsa"dan 4 futbolçuya sarı vərəqə göstərib.
Əliyar Ağayevə yan xətdə Zeynal Zeynalovla Rza Məmmədov, qapı arxasında Orxan Məmmədovla Rəhim Həsənov yardımçı olub. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirib.