Bakı. 5 fevral. REPORT.AZ/ "Real Madrid" İspaniya Kubokunun yarımfinalında "Barselona" ilə keçirəcəyi oyunların təqvimindən narazıdır.
"Report" "Marca"ya istinadən xəbər verir ki, klub rəhbərliyi özlərinə qarşı haqsızlıq edildiyini və oyunlarının vaxtının Kataloniya təmsilçisinin lehinə hazırlandığını düşünür.
Təqvimə əsasən, "Barselona" ölkə kubokundakı hər iki oyundan öncə rəqibinə nisbətən bir gün çox istirahət edəcək.
Qeyd edək ki, İspaniya Kubokunun yarımfinal mərhələsinin ilk matçı fevralın 6-da Bakı vaxtı ilə saat 24:00-da başlayacaq. Cavab oyunu isə fevralın 27-ə nəzərdə tutulub.
"Barselona" La Liqada son oyununu fevralın 2-də "Valensiya"ya qarşı keçirib. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. "Real Madrid" isə fevralın 3-də "Alaves"i 3:0 hesabı ilə üstələyib. Kataloniya klubu La Liqada fevralın 23-də "Sevilya", Madrid təmsilçisi ilə fevralın 24-də "Levante" ilə qarşılaşacaq.