Ramil Şeydayev: "Mövsümün sonunda təkliflərə baxacağam"

Ramil Şeydayev: "Mövsümün sonunda təkliflərə baxacağam" "Seçmə mərhələnin ilk 3 oyunundakı çıxışmızı yaxşı qiymətləndirmirəm. Çünki xalımız yoxdur. Amma səylə çalışmağa davam edəcəyik. İnanıram ki, bizdə hər şey alınacaq"
Futbol
106
2 Aprel , 2021 12:19
Ramil Şeydayev: Mövsümün sonunda təkliflərə baxacağam

"Seçmə mərhələnin ilk 3 oyunundakı çıxışımızı yaxşı qiymətləndirmirəm. Çünki xalımız yoxdur. Amma səylə çalışmağa davam edəcəyik. İnanıram ki, bizdə hər şey alınacaq".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinin və "Sabah" klubunun futbolçusu Ramil Şeydayev yığmanın seçmə mərhələdə Portuqaliya, Qətər və Serbiya ilə oyunlarını dəyərləndirərkən deyib.

25 yaşlı hücumçu bildirib ki, serbiyalılarla Bakıdakı qarşılaşmada ələ düşən imkanları qola çevirə bilmədikləri üçün məğlub olublar: "Yaxşı qol fürsətlərimiz olsa da, istifadə edə bilmədik. Əvəzində son dəqiqələrdə qol buraxdıq. Düşünürəm ki, xal qazanmaq üçün oyunumuzda çatışmayan yeganə amil bu oldu".

Şeydayevin sözlərinə görə, klubunda az oynaması onun fiziki formasına təsir edir: "Bu, çox vacib məqamdır. Oyunçu nə qədər çox şans qazansa, onun üçün bir o qədər yaxşı olar".

Forvard millinin baş məşqçisi Canni De Byazinin seçmə mərhələ oyunlarında meydana müdafiəyəmeylli heyət buraxmasına da münasibət bildirib: "Buna normal baxıram. Baş məşqçi tapşırıq verirsə, futbolçular buna əməl etməlidirlər".

"Sabah"dan və millidən komanda yoldaşı olan Aleksey İsayevin sosial şəbəkədəki paylaşımına şərh yazan erməni dostunu "qardaş" adlandırması barədə də fikirlərini bölüşən Şeydayev yarımmüdafiəçinin səhvini başa düşdüyünü vurğulayıb: "Aleksey səhv etdi, özü də bunu başa düşür. İsayev bu hərəkəti düşünmədən edib. Millidə ilk oyunu olduğundan, emosiyalarını cilovlaya bilməyib. Halbuki çox yaxşı oğlandır. Komandada hamı onu sevir. Heç kimin İsayevə iradı yoxdur. Əsas odur ki, hər şeyi başa düşüb".

Hücumçu Ramin Quliyevin "Sabah"a baş məşqçi təyin olunmasına da toxunub: "Yeni baş məşqçimiz var. Vəziyyəti düzəltməyə çalışırıq. Bu təyinata görə məmnunam və ona uğurlar arzulayıram".

Cari mövsümün sonunda "Sabah"la müqaviləsi başa çatacaq Şeydayev gələcəyi haqqında isə bunları deyib: "İlk növbədə, komandaya hazırkı durumdan çıxmağa kömək etmək istəyirəm. Müqaviləm bitdikdən sonra isə təkliflərə baxacağam".

Son xəbərlər

Orphus sistemi