"Hər iki komanda üçün vacib oyundur. Xalımız yoxdur və qələbə qazanmaq istəyirik. Öncəki matçda "Sivasspor"un gücünü gördük. Sabahkı qarşılaşmaya yaxşı hazırlaşmışıq. Amma heyətdə itkilərimiz də var. 5 futbolçu meydana çıxa bilməyəcək. İstənilən halda qələbə üçün mübarizə aparacağıq. Biz qardaşıq, lakin meydanda hər komanda qalib gəlmək istəyir. Oyunçularıma inanıram".
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I qrupunun IV turunda Türkiyə "Sivasspor"u ilə keçirəcəkləri oyun öncəsi mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis Ağdamın işğaldan azad olunmasından sonra meydana daha motivasiyalı çıxacaqlarını bildirib: "Hər zaman bütün oyunlar bizim üçün xüsusi olub, üzərimizdə böyük məsuliyyət hiss etmişik. Rəqiblərə qarşı xarakter göstərməyə,Qarabağı layiqincə təmsil etməyə çalışmışıq. İndi isə yüksək motivasiyamız var. Torpaqlar azad olunur. Ağdamın bizə qaytarılması komandaya da təsir edəcək. Biz artıq qaçqın komanda deyilik. Özümüzü yaxşı hiss edirik. Amma təhlükə də var. Yüksək motivasiyanin fəsadları da ola bilər. Başda Türkiyə olmaqla, hər zaman bizə dəstək olan ölkələrə təşəkkürümü bildirirəm. Bu, bütün türk dünyasının qələbəsidir".
Heyətlə bağlı problemlərə toxunan təcrübəli baş məşqçi hazırda sərəncamında 16 oyunçu olduğunu söyləyib: "Bunların 13-ü sahə oyunçuları, 3-ü isə qapıçıdır. "Sivasspor"un baş məşqçisinin mətbuat konfransını izlədim. Rəqibin yaxşı futbolçuları var. Bizim əsas problemimiz müdafiə ilə bağlıdır. Müdafiəçilərimiz inamlı oynamalıdırlar. Boşluğu aradan qaldırmaq üçün bəzi futbolçuları arxa xəttə qoyacağam. Çempionatda keçirdiyimiz son oyunla müqayisədə, heyətdə ciddi dəyişiklik olmayacaq. Xayme Romero meydana çıxmağa hazırdır. Amma çoxdandır oynamır. "Sumqayıt"a qarşı çox az oynadı. Bəzi futbolçular 90 dəqiqə mübarizə aparmağa hazır deyil".
Qurbanov Kəlbəcərin yenidən Azərbaycana qaytarılması ilə bağlı təəssüratlarını da bölüşüb: "Uzun illər "Qarabağ"ın kapitanı olmuş Rəşad Sadıqov bu rayondandır. O, mənim dostum, qardaşımdır. Onun hansı hissləri keçirdiyini yaxşı bilirdim. İndi yanında olmaq, onu qucaqlamaq istərdim. Bütün kəlbəcərliləri təbrik edirəm".
Ağdamda "İmarət" stadionunun yerində yeni arenanın inşası üçün vaxt lazım olduğunu deyən mütəxəssis sözügedən rayona səfər etməyi planlaşdırdığını əlavə edib: "Bu, həftəsonu baş tuta bilər. Bu cür məsələlərə dövlət orqanları qərar verir. Cavab gözləyirik. İnanıram ki, Ağdama gedə, oradakı məscidi, "İmarət" stadionunu və Allahverdi Bağırovun məzarını ziyarət edə biləcəyik.
Dünya futbolunun əfsanələrindən Dieqo Armando Maradonanın ölümü barədə də qısaca fikirlərini bölüşən Qurbanov bunu böyük itki adlandırıb.
Qeyd edək ki, İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq "Qarabağ" - "Sivasspor" qarşılaşması Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandalar arasındakı III tur matçında "Sivasspor" öz meydanında 2:0 hesablı qələbə qazanıb.