Qurban Qurbanov: "Qazaxıstanın oyuna ciddi köklənməsi bizim üçün əlavə motivasiya olacaq"

Qurban Qurbanov: "Qazaxıstanın oyuna ciddi köklənməsi bizim üçün əlavə motivasiya olacaq" "Bu cür rəqiblə oynamaq çox çətindir"
Futbol
4 İyun , 2018 17:30
Qurban Qurbanov: Qazaxıstanın oyuna ciddi köklənməsi bizim üçün əlavə motivasiya olacaq

Bakı. 4 iyun. REPORT.AZ/ “Bizi maraqlı oyun gözləyir. Rəqib güclüdür. Qazaxıstan yığmasının son illər bir sıra uğurlara imza atan yeni baş məşqçisi var. Öz komandama rəqib barədə yetərincə məlumat verdiyimi düşünürəm. Sabah yaxşı oyun göstərməyə çalışacağıq”.

“Report” xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov iyunun 5-də Astanada Qazaxıstan yığması ilə keçirəcəkləri yoldaşlıq oyunu barədə danışarkən deyib.

46 yaşlı mütəxəssis matçdan əvvəl təşkil edilən mətbuat konfransında Qazaxıstanın Macarıstan və Bolqarıstana qarşı oyunlarını analiz etdiyini söyləyib: “Komanda fəal oynayır. Müdafiədən hücuma keçiddə cəld hərəkət edir. Bu cür rəqiblə oynamaq çox çətindir. Rəqibin heyətində heç kimi fərqləndirməyəcəyəm. Bu, mənim tərzim deyil. Biz hər bir oyuna qələbə qazanmaq məqsədi ilə çıxırıq. Sabahkı qarşılaşma da istisna olmayacaq. Hansısa komandaya qarşı tez-tez oynayanda, prinsipiallıq artır. Bəzi futbolçular Qazaxıstan yığmasına qarşı ilk dəfə oynamayacaqlar”.

Qurbanov Azərbaycan yığmasının hazırkı heyətindən də söz açıb. O deyib ki, toplanışa çoxdandır çağırılmayan futbolçuları da dəvət edib: “Yeni oyunçular da var. Onların sabah meydana çıxma şansları var. Rəqibimiz sabahkı oyuna ciddi köklənib. Bu, bizim üçün əlavə motivasiya olacaq. Hərçənd, motivasiyanı rəqibdən asılı olmayaraq, oyundan-oyuna qaldırmağa çalışırıq. Millətlər Liqası öncəsi hazırlıq başa çatır. Ona görə də bu oyunlar bizim üçün çox vacibdir. Köklənmə sarıdan problemimiz yoxdur”.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi