Qurban Qurbanov: "Məğlub olsaydıq belə, oyundan razı qalacaqdım"

Qurban Qurbanov: "Məğlub olsaydıq belə, oyundan razı qalacaqdım" "Futbolçular bu qarşılaşmada daha yaxşı təsir bağışladılar"
Futbol
27 Mart , 2018 22:47
Qurban Qurbanov: Məğlub olsaydıq belə, oyundan razı qalacaqdım

Bakı. 27 mart. REPORT.AZ/ “Belə bir oyunun keçirilməsini çox istəyirdim. Futbolçuların bu cür qarşılaşmalara uyğunlaşması vacibdir. Bu gün meydanda çox istəkli idilər. Hətta məğlub olsaydıq belə, oyundan razı qalacaqdım".

“Report” xəbər verir ki, bunu Türkiyənin Antalya şəhərində Makedoniya yığması ilə yoldaşlıq oyunu keçirən Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov qarşılaşma ilə bağlı fikirlərini bölüşərkən deyib.

"Əvvəlki oyunlar zamanı futbolçularda psixoloji baxımdan müəyyən problemlər hiss olunurdu, ancaq bu qarşılaşmada daha yaxşı təsir bağışladılar. Bakıda Belarusla keçirdiyimiz oyunda təkbətək epizodlar zamanı rəqibdən geri qalmışdıq. Oyunsonrası statistika da bunu göstərmişdi. Ancaq bu gün belə olmadı. Futbolçularımı təbrik edirəm. Ciddi bir rəqiblə qarşılaşdıq. Tam istədiyim futbolu görməsəm də, istədiyim mübarizəni izlədim. Oyuna diqqət və konsantrasiya daha yaxşı idi. Təlim-məşq toplanışı ərzində futbolçularla çox söhbətlər apardıq və istədiklərimin əksəriyyətini meydanda gördüm. Hazırlıq prosesindən razı qaldığımı qeyd edə bilərəm. VAR sisteminin tətbiqini isə normal qarşıladım. Ədalətli bir qarşılaşma oldu”, - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi