Futbolçularıma Zəfər Günündə qələbə qazandıqlarına görə təşəkkür edirəm.
"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında Norveçin "Budyo-Qlimt" komandasına qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis qələbə qazandıqları üçün sevincli olduqlarını bildirib:
"Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Uzun yol qət etmişdik. Meydanın suni örtüklü və havanın soyuq olması müəyyən çətinliklər yaradırdı. Əvvəlki oyunlarda məğlub olduğumuza görə futbolçuların üzərində müəyyən təzyiqlər var idi. Matçdan əvvəl oyunçularla söhbətlər aparmışdıq. Bildirdik ki, biz bu qarşılaşmadan məğlub ayrıla bilərik. Amma səfərdən komanda ruhu olmadan qayıtmaq olmaz. "Budyo Qlimt" çox yaxşı kollektivdir. Bəlkə də rəqib bu gün məğlub olmağa layiq deyildi. Onlara gələcək görüşlərində uğurlar arzu edirəm. Bu komandada məşqçi işi nəzərə çarpır. Futbolçularıma Zəfər Günündə qələbə qazandıqlarına görə təşəkkür edirəm. Yəqin ki, bütün Azərbaycan bizim oyunumuzu izləyirdi və komandamızdan qələbə gözləyirdi. Bütün azarkeşlərimizi, "Qarabağ" rəhbərliyini və bu klubu sevənləri təbrik edirəm".
Q.Qurbanov "Budyo Qlimt" - "Qarabağ" matçını izləmək üçün ABŞ-dən gələn azərbaycanlı azarkeşlərə təşəkkür edib:
"Boston şəhərindən oyunumuzu izləmək üçün gələn tərəfdarlarımız məni duyğulandırdılar. Onlar "Qarabağ"ın məşqçilər heyətinə hədiyyələr gətirmişdilər. Bu davranış bizim üçün çox dəyərli idi".
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda “Qarabağ” səfərdə "Budyo Qlimt"ə 2:1 hesabı ilə qalib gəlib.