"Qəbələ"nin prezidenti: "Hücumameylli futbolçu axtarırıq"

"Qəbələ"nin prezidenti: "Hücumameylli futbolçu axtarırıq" "Komanda son oyunlarda doğrudan da çox yaxşı təsir bağışladı. İnanmaq istəyirəm ki, qış fasiləsindən sonra da eyni qaydada davam edərik".
Futbol
200
6 Yanvar , 2021 13:43
Qəbələnin prezidenti: Hücumameylli futbolçu axtarırıq
Fariz Nəcəfov

"Komanda son oyunlarda doğrudan da çox yaxşı təsir bağışladı. İnanmaq istəyirəm ki, qış fasiləsindən sonra da eyni qaydada davam edərik".

"Report"un məlumatına görə, bu fikirləri "Qəbələ" klubunun prezidenti Fariz Nəcəfov komandanın qış fasiləsinədək olan çıxışı barədə danışarkən deyib.

Funksionerin sözlərinə görə, müharibədə olarkən nadir hallarda komandası ilə maraqlana bilib: "Yalnız telefon işlədə bildiyim nadir hallarda xəbərləri oxuyub məlumat alırdım. İmkan olanda klubun baş meneceri Zaur Əzizovla əlaqə saxlayırdım. Amma ümumi ab-havadan xəbərim var idi. Bilirdim ki, uşaqlar yoxluğumu hiss etdirməməyə çalışırlar".

F.Nəcəfov nigeriyalı hücumçu Ceyms Adeniyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. O, belə bir futbolçunun komandada qalmasını istədiyini bildirib: "Özü də qalmaq istəyər. Sadəcə, büdcəmiz buna imkan vermir. Bəzi komandalardan təkliflər var. Müzakirələr davam edir. Futbolçunun özü də həmin klublardan birinə getməyi istəməlidir. Hələ ki, gözləyirik".

Klub prezidenti Adeniyi üçün gələn təkliflərin ölkə xaricindən olduğunu söyləyib: "Eşitdiyimizə görə, yerli klublardan da maraqlananlar var. Amma rəsmi təklif yoxdur".

Nəcəfov qış fasiləsində ən azı bir yeni transfer etmək istədiklərini vurğulayıb: "Baş məşqçi ilə danışmışıq. Bilirsiniz ki, Rodriqo Qattas da komandanı tərk edib. Adeniyinin gedişindən sonra mütləq şəkildə bir futbolçu götürmək ehtiyacı yaranacaq. Hücumameylli futbolçu axtarırıq".

O, mövsümün əvvəlində "Qəbələ"nin qarşısına qoyulan məqsədin dəyişməz olaraq qaldığını deyib: "Maksimum nəyə gücümüz çatırsa, onu da etməyə çalışacağıq. Yaxşı oyun göstərmək, akademiyadan istedadlı futbolçuları üzə çıxarmaq istəyirik. Avrokuboklara vəsiqə qazanmaq şansımız varsa, bundan istifadə etməyə çalışacağıq".

Nəcəfov komanda avrokuboklara vəsiqə qazanacağı təqdirdə mümkün büdcə artımının olub-olmayacağı ilə bağlı suala isə bu cür cavab verib: "Bu barədə heç nə deyə bilmərəm. Gərək, nəsə olsun ki, ətraflı danışaq. Hazırda heç bir təklif yoxdur".

Son xəbərlər

Orphus sistemi