Bakı. 26 dekabr. REPORT.AZ/ “Qəbələ” klubu 2014/2015-ci il mövsümünün qış fasiləsində ilk futbolçu transferini gerçəkləşdirib. "Report"un məlumatına görə, “qırmızı-qaralar” heyətini Rəşad Sadiqovla gücləndirib.
Bu gün 31 yaşlı yarımmüdafiəçi ilə 6 aylıq müqavilə imzalanıb. Qış transfer pəncərəsinin ilk keçidi olan orta sahə oyunçusu mövsümün ilk yarısında “Xəzər Lənkəran”da çıxış edib. R.Sadiqov karyerası ərzində “Bakı fəhləsi”, “Qarabağ”, “Şəfa”, “Neftçi” və MOİK-in də şərəfini qoruyub. Yarımmüdafiəçi Azərbaycan çempionatlarında 305 oyun keçirib, 19 qol vurub.
Qeyd edək ki, R.Sadiqov 2006-cı ildə debüt etdiyi Azərbaycan milli komandasında 23 oyun keçirib.