Bakı. 14 iyul. REPORT.AZ/ "Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike Qazaxıstanın "Astana" klubu ilə müqavilə bağlayıb.
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Yunanıstan PAOK-una məxsus 28 yaşlı yarımmüdafiəçi yeni komandasında icarə əsasında çıxış edəcək.
Braziliyalı oyunçu yenə Riçard Almeyda ilə eyni komandada çıxış edəcək. O, milliləşdirilərək Azərbaycan yığmasına cəlb olunmuş həmyerlisi ilə ötən mövsüm Ağdam komandasının formasını geyinib.
Hazırda "Astana"ya "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk rəhbərlik edir.
Qeyd edək ki, Pedro Enrike Braziliyanın "Qremio" klubunun yetirməsidir. O, Fransanın "Renn" və İsveçrənin "Sürix" komandalarında da oynayıb. "Sambaçı" "Qarabağ"ın heyətində Azərbaycan çempionu olub. Çempionlar Liqasında isə Enrike Bakıda İtaliyanın "Roma" klubunun qapısına qol vurub və Madriddə İspaniya "Atletiko"su ilə qarşılaşmada qırmızı vərəqə ilə də yadda qalıb.