"Qarabağ" səfərdə "Vorskla"nı məğlub edib - YENİLƏNİB-3

"Qarabağ" səfərdə "Vorskla"nı məğlub edib - YENİLƏNİB-3
Futbol
9 Noyabr , 2018 02:00
Qarabağ səfərdə Vorsklanı məğlub edib - YENİLƏNİB-3

Poltava. 9 noyabr. REPORT.AZ/ Ağdamın "Qarabağ” klubu futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

"Report" xəbər verir ki, Qurban Qurbanovun yetirmələri IV turda səfərdə Ukrayna "Vorskla”sını 1:0 hesabı ilə məğlub edib.

Matçda yeganə qolu 13-cü dəqiqədə penaltidən 9 nömrəli hücumçu Araz Abdullayev vurub.

"Qarabağ" bu qələbə sayəsində qrupda ilk xallarını qazanıb və 3 xal ilə turnir cədvəlində sonuncu pillədə qərarlaşıb. "Vorskla" kollektivinin də aktivində 3 xal olmasına baxmayaraq, "Qarabağ" qol fərqinə görə Ukrayna komandasına uduzur.



***01:23

Poltava. 9 noyabr. REPORT.AZ/ Ukraynada "Vorskla""Qarabağ" arasında keçirilən Avropa Liqasının IV tur matçında məcburi fasilə yaranıb.

"Report"un oyuna ezam olunmuş əməkdaşı xəbər verir ki, buna ikinci hissənin əvvəllərində meydan sahiblərinin fanatlarının yandırıcı maddələrdən yararlanmaları səbəb olub.

Yandırıcı əşyaların da meydana düşməsi nəticəsində isveçrəli referi oyunu dayandırıb. Görüş bir neçə dəqiqədən sonra davam etdirilib.

65-ci dəqiqədə isə "Qarabağ" azarkeşlərinin olduğu sektorda partlayış səsləri eşidilib. Meydana yandırıcı maddələrin düşməsi nəticəsində referi matçı yenidən dayandırıb. Bu dəfə o, komandaları meydandan çıxardaraq, paltardəyişmə otağına göndərib.

Hazırda "Qarabağ" 1:0 hesabı ilə öndədir.


***00:14

Poltava. 9 noyabr. REPORT.AZ/ Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə Ukraynanın "Vorskla" klubu ilə qarşılaşan Ağdamın "Qarabağ" komandası görüşdə hesabı açıb.

“Report” xəbər verir ki, qolu 13-cü dəqiqədə rəqib qapıçının Maksim Medvedevə qarşı kobudluğundan sonra hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsindən Araz Abdullayev vurub.

Bu, "Qarabağ"ın cari mövsümdə Avropa Liqasında vurduğu ilk qol olub.


***00:00

Poltava. 9 noyabr. REPORT.AZ/ Ağdamın "Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirir.

"Report" xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv IV turda səfərdə Ukrayna "Vorskla”sı ilə qarşılaşır.


***08 08

Bakı. 8 noyabr. REPORT.AZ/ Bu gün "Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

"Report" xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv IV turda səfərdə Ukrayna "Vorskla”sı ilə qarşılaşacaq. "Qarabağ”ın albaniyalı legioneri Ansi Aqolli zədə səbəbindən bu qarşılaşmada iştirak etməyəcək.

Cari mövsümdə E qrupunda yer alan Ağdam təmsilçisi hər üç oyunda məğlub olub. "Köhlən atlar” səfərdə "Sportinq”ə 0:2, Bakıda "Arsenal”a 0:3, "Vorskla”ya isə 0:1 hesabı ilə uduzub.

Son oyunda "Qarabağ"ı məğlub edən Poltava təmsilçisi isə səfərdə "Arsenal"a 2:4, evdə isə "Sportinq"ə 1:2 hesabı ilə məğlub olub. Ağdam klubu bu görüşdə rəqibinə məğlub olsa, növbəti mərhələ şansını itirəcək və son iki tur komanda üçün formal xarakter daşıyacaq.

"Vorskla” Ukrayna çempionatının sonuncu turunda səfərdə "Lvov”u 2:0 hesabı ilə məğlub edib. "Qarabağ” isə "Sumqayıt”ı eyni hesabla üstələyib.

Avropa Liqası

Qrup mərhələsi, IV tur

E qrupu

00:00. "Vorskla” (Ukrayna) - "Qarabağ” (Azərbaycan)

Baş hakim: Sandro Şörer

Yan xətt hakimləri: Bekim Zoqay, Ştefan De Almeyda

Dördüncü hakim: Raffael Tseder

Əlavə köməkçi hakimlər: Alen Byeri və Lukas Fandrix (hamısı İsveçrə)

Hakim-inspektor Edqar Ştaynborn (Almaniya)

UEFA nümayəndəsi: Klaus Kristensen (Danimarka)

Aleksey Butovski adına stadion

Son xəbərlər

Orphus sistemi