Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
"Report" IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, 300 komandanın yer aldığı siyahıda Azərbaycan təmsilçilərindən "Qarabağ" və "Neftçi" yer alıb.
Aktivində 136 xalı olan "köhlən atlar" ötən ayla müqayisədə 7 pillə irəliləyərək 99-cu yerə yüksəlib. Ağdam təmsilçisi Cənubi Afrikanın "Mamelodi Sandaunz", Almaniyanın "Bayer" (Leverkuzen) klubları ilə eyni xala malikdir.
"Ağ-qaralar" isə 87 xalla 237-ci mövqedən 221-ci sırayadək irəliləyib. "Neftçi" "Kolon Santa Fe", "Nyuells Old Boys" (hər ikisi Argentina) və "Dandolk" (İrlandiya) komandaları ilə eyni xalı toplayıb.
İlk "3-lük"də 305 xalla "Çelsi" (İngiltərə), 304 xalla "Atletiko Mineyro" və 296 xalla "Palmeyras" (hər ikisi Braziliya) qərarlaşıb.