"Qarabağ" üçün Azərbaycan futbolunun tarixi qədər yaşı olan rəqib

"Qarabağ" üçün Azərbaycan futbolunun tarixi qədər yaşı olan rəqib "Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi Norveçin "Molde" klubu 1911-ci ildə yaranıb.
Futbol
31 Avqust , 2020 14:41
Qarabağ üçün Azərbaycan futbolunun tarixi qədər yaşı olan rəqib

"Qarabağ"ın UEFA Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsindəki rəqibi Norveçin "Molde" klubu Azərbaycan futbolunun tarixi ilə həmyaşıddır.

"Report"un məlumatına görə, Molde şəhərini təmsil edən komanda da 1911-ci ildə yaradılıb. Klub ev oyunlarını 11,249 azarkeş tutumuna malik "Aker" stadionunda keçirir. Komandanın baş məşqçisi norveçli Erlinq Morle, kapitanı Maqnus Eykremdir. 

Komanda 109 illik tarixə malik olsa da, ilk çempionluğu 100 illiyində hazırda "Mançester Yunayted"in baş məşqçisi olan Ule-Qunnar Şulşerin rəhbərliyi altında əldə edib. 

"Molde" 2012, 2014 və 2019-cu illərdə də ölkə çempionu olub. Komanda həmçinin UEFA Çempionlar Liqasının qrupunda çıxış edən iki Norveç klubundan biridir. 

Son ölkə çempionu 1999/2000 mövsümündə İspaniyanın "Real Madrid", Portuqaliyanın "Portu" və Yunanıstanın "Olimpiakos" komandaları ilə birgə ÇL-in qrupunda oynayıb. "Molde" müxtəlif vaxtlarda Norveçin II və III liqalarında da mübarizə aparıb. "Ağ-göylər" 1994, 2005, 2013 və 2014-cü illərdə ölkə kubokuna da sahib olub. 

Ümumiyyətlə, "Molde" ÇL-də 24 matç keçirib, bunların 8-də qələbə qazanıb, eyni sayda məğlubiyyət və heç-heçə ilə meydanı tərk edib. 36 qol vuran komanda qapısında 27 top görüb. "Molde" 66 dəfə Avropa Liqası, 4 dəfə isə Kuboklar Kuboku matçına çıxıb. 

"Qarabağ" "Molde" ilə ilk dəfə üz-üzə gələcəyinə baxmayaraq, daha əvvəl Norveçin digər tanınmış klubu "Rusenborq"la qarşılaşıb. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv 2009-cu ildə Avropa Liqasının II təsnifat mərhələsində səfərdə rəqibi ilə qolsuz heç-heçə edib, Bakıda Rəşad Sadıqovun yeganə qolu ilə qələbə qazanıb - 1:0. Ağdam təmsilçisinin avrokuboklarda uğurlu çıxışının əsası da məhz həmin rəqiblə qoyulub.  

Qeyd edək ki, UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunları 15-16 sentyabrda olacaq. 

Son xəbərlər

Orphus sistemi