"Qarabağ"ın sabiq futbolçusu: "Elbrus Abbasovun ölümünə inanmağım gəlmir"

"Qarabağ"ın sabiq futbolçusu: "Elbrus Abbasovun ölümünə inanmağım gəlmir" "Elbrus Abbasovun ölüm xəbərini eşidəndən sonra çox pis olmuşam. Bizim onunla yaxşı münasibətimiz var idi. Onu uşaqlıqdan tanıyırdım".
Futbol
591
15 Dekabr , 2020 11:59
Qarabağın sabiq futbolçusu: Elbrus Abbasovun ölümünə inanmağım gəlmir
Təbriz Həsənov

"Elbrus Abbasovun ölüm xəbərini eşidəndən sonra çox pis olmuşam. Bizim onunla yaxşı münasibətimiz var idi. Onu uşaqlıqdan tanıyırdım".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycanın əməkdar futbol məşqçisi Təbriz Həsənov veteran futbolçu Elbrus Abbasovun vəfatı ilə bağlı danışarkən deyib.

50 yaşlı mütəxəssis bildirib ki, o uşaq olanda Abbasov "Neftçi"də birinci dəstənin bombardiri olub: "Sonra Ağdamın "Qarabağ" komandasında tanış olduq. Veteran futbolçu kimi həmişə bizim oyunlara gəlirdi. Sonra mənim də çıxış etdiyim "Qarabağ"a baş məşqçi təyin edildi. Səhv etmirəmsə, 1995 - 1997-ci illər idi. Bir yerdə çalışmışıq, çox gözəl və yaxşı məşqçi idi. Komandada elə futbolçu yox idi ki, Elbrus müəllimi çox istəməsin. Hamı ilə yaxşı münasibət qura bilirdi".

Həsənov Abbasovun koronavirusdan rəhmətə getdiyini və özünün də bu xəstəliyi keçirdiyini xatırladıb: "Məndə yüngül oldu, demək olar ki, simptomsuz idi. Elbrus Abbasovun ölümünə çox təəssüflənirəm, heç inanmağım gəlmir. Mən də mətbuatdan oxudum ki, xəstəxanaya yerləşdirilib, iki gün sonra isə ölüm xəbərini aldıq. Mənə çox pis təsir etdi. Mənim o insana çox hörmətim var. Son zamanlar bu koronavirus çox canlar alıb. Yaxınların, qohumların öldüyünü eşidirsən, adam lap pis olur".

Son xəbərlər

Orphus sistemi