"Qarabağ"ın prezidenti: "Avropa Liqasında pley-offa vəsiqə üçün sonadək mübarizə aparacağıq"

"Qarabağ"ın prezidenti: "Avropa Liqasında pley-offa vəsiqə üçün sonadək mübarizə aparacağıq" Baş məşqçimiz Qurban Qurbanov və komandamıza daim inanıram. Onların 2025-ci ildəki vacib matçlarda, Avropa Liqasında pley-offa vəsiqə üçün sonadək mübarizə aparacağına əminəm.
Futbol
30 Dekabr , 2024 12:25
Qarabağın prezidenti: Avropa Liqasında pley-offa vəsiqə üçün sonadək mübarizə aparacağıq

Baş məşqçimiz Qurban Qurbanova və komandamıza daim inanıram. Onların 2025-ci ildəki vacib matçlarda, UEFA Avropa Liqasında pley-offa vəsiqə üçün sonadək mübarizə aparacaqlarına əminəm.

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözel klubun rəsmi saytına açıqlamasında deyib.

Funksioner 2024-cü ildə əldə olunan uğurların davamının gələcəyinə inandığını söyləyib:

"Avropa Liqasında bizi iki vacib oyun gözləyir. Qarşıdakı ildə avrokubok, Premyer Liqa və kubokda ən yüksək hədəflər üçün mübarizə aparacağıq. Qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımızı təbrik edirəm. Komandamızın yeni ildə onlara yeni-yeni sevinclər bəxş edəcək".

O, 2024-cü ilin hüznlü, ağrı dolu hadisə ilə başa çatdığını bildirib:

"Bir neçə gün əvvəl yaşanan təyyarə qəzası hər birimizi çox üzdü. Həlak olanların ailələrinə, xalqımıza dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin. Qəzada xəsarət alanların tezliklə şəfa tapmasını diləyirəm”.

T. Gözəl bitməkdə olan ilin futbol meydanlarında daha xoş anlarla yadda qaldığını vurğulayıb:

"Qarabağ" son illərdə olduğu kimi, 2024-cü ildə də yeni-yeni zirvələr fəth etdi. Komandamız ilk dəfə Avropa Liqasının pley-offunda oynadı və “Braqa” kimi güclü bir rəqibi yarışdan kənarlaşdırdı. Bununla da tarixdə ilk dəfə Azərbaycan klubu avrokubokların 1/8 finalına yüksəldi. Komandamız 1/4 finala vəsiqə üçün “Bayer 04”lə bərabər səviyyədə, möhtəşəm mübarizə apardı. Hər iki görüşdə qələbə son dəqiqələrdəki qollarla əldən verildi. 11-ci dəfə Azərbaycan çempionu, 8-ci dəfə ölkə kubokunun qalibi olan komandamız 2024/2025 mövsümünü “Qızıl dubl”la başa vurdu”.

Klub prezidenti ilin ikinci yarısını da uğurlu hesab edib:

“İlin ən böyük hadisələrindən biri Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ağdamdakı “İmarət” stadionunun təməlini qoyması oldu. Arenamızın inşasına başlanılması uzun illər doğma şəhərindən, öz stadionundan uzaq düşən klubumuz üçün tarixi hadisədir. Daim idmana, klubumuza qayğı ilə yanaşan, stadionumuzun inşasını diqqətdə saxlayan dövlətimizin başçısına klubumuz və bütün “Qarabağ” camiəsi adından təşəkkür edirəm. Klubumuz təkcə meydanda deyil, ondan kənardakı fəaliyyəti ilə də dünyanın diqqət mərkəzində olub. “Qarabağ”ın təşəbbüsü ilə Bakıda keçirilən COP29 çərçivəsində futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı yaradıldı. Burada dünyanın bir sıra aparıcı klubları yer alıb ki, gələcəkdə alyansın sıraları daha da genişlənəcək. Artıq uzun illərdir Qarabağ adını beynəlxalq arenada yüksəklərə qaldıran komandamız 2024/2025 mövsümündə də Avropada öz sözünü deyir. “Qarabağ” bu il Çempionlar Liqasının pley-offuna qədər yüksəlməklə azarkeşlərinə sevinc bəxş etdi. İlk dəfə yeni formatda keçirilən Avropa Liqasının Liqa mərhələsinə vəsiqə qazanan komandamız bu raundda oynayan ilk Azərbaycan klubu kimi tarixə düşdü. Premyer Liqada da qış fasiləsinə 1-ci yerdə yollanan komandamız həm daxili, həm beynəlxalq arenadakı bütün matçlarda öz mübarizəsi, iddiası, cəsarəti ilə hamımızı sevindirdi. Baş məşqçimiz Qurban Qurbanova, futbolçularımıza, klubumuzun hər bir üzvünə bu uğurlardakı payına görə təşəkkür edirəm. “Qarabağ” bir ailədir və rəhbərlikdən tutmuş sıravi işçilərinə qədər hər kəsin bu nəticələrdə payı var. Onların hər birinə minnətdarlığımı bildirir, uğurların ardını gətirmələrini arzulayıram. İl boyu yanımızda olan azarkeşlərimizə də təşəkkür edirəm. Onlar nəticələrdən, hava şəraitindən asılı olmayaraq, daim bizi dəstəkləyib, bizə inanıblar”.

Son xəbərlər

Orphus sistemi