Azərbaycanın ən yaxşı legioneri: "Mən bu günlə yaşayan adamam"

Azərbaycanın ən yaxşı legioneri: "Mən bu günlə yaşayan adamam" "Qarabağ"ın Mərakeş əsilli fransalı futbolçusu Abdullah Zubirin "Report"a müsahibəsi
Futbol
1344
20 Yanvar , 2022 13:10
Azərbaycanın ən yaxşı legioneri: Mən bu günlə yaşayan adamam

"Qarabağ"ın futbolçusu Abdullah Zubir Azərbaycanda çıxış edən ən yaxşı legionerlərdəndir. 31 yaşlı yarımmüdafiəçi 2019 və 2021-ci illərdə İdman Araşdırmalar Mərkəzinin jurnalistlər arasında keçirdiyi sorğuda İlin Legioneri, 2019/2020 mövsümündə isə bütün klubların oyunçuları və məşqçilərinin rəyi əsasında Premyer Liqanın ən yaxşı futbolçusu seçilib.

Əslən Mərakeşdən olan fransalı sol cinah vingeri "Report"a müsahibəsində qış toplanışını dəyərləndirib və "Qarabağ"ı mövsümün ikinci yarısında gözləyən ciddi sınaqlara hazırlığından danışıb...

- Komandanız artıq bir həftədir Türkiyənin Antalya bölgəsindədir. Hazırlıq prosesi necə gedir və özünüzü mövsümün ikinci yarısına neçə faiz hazır hesab edirsiniz?

- Hazırlıq prosesinin birinci mərhələsi artıq geridə qalıb. Faiz nisbəti ilə deyə bilmərəm, amma hər şey istədiyimiz kimi gedir. Hamımız əzmlə çalışır, məşqçilərin verdiyi tapşırıqları yerinə yetiririk. Əlimizdən gələni edirik ki, mövsümün ikinci yarısına tam hazır olaq.

- Komandaya üç yeni futbolçu qoşulub. Bunlardan biri qapıçı Luka Quqeşaşvili, digərləri hücumameyyli yarımmüdafiəçilər Rüstəm Əhmədzadə və Leandro Andradedir. Özünüz də ön xətt oyunçususunuz. Yeni vingerlərlə meydandakı anlaşmanız hansı səviyyədədir?

- Heyətin geniş olması hər bir komanda üçün üstünlükdür. Bu, baş məşqçimizə daha çox rotasiya etmək imkanı verir. Komandaya 3 yeni futbolçunun qoşulması bizim üçün yaxşı xəbərdir. Onlar "Qarabağ"dadırlarsa, deməli, yaxşı oyunçulardır.

- Xüsusən, Rüstəm Əhmədzadə haqqında fikirləriniz maraqlıdır. O, həm də Azərbaycan millisinin formasını geyinir...

- Sırf Rüstəmdən danışsaq, onun oyun üslubu xoşuma gəlir. İstəklidir, fiziki cəhətdən güclü futbolçu təsiri bağışlayır. Məşqlərdə də bunu görürük. Leandro haqqında da eyni xoş sözləri deyə bilərəm. Fikrimcə, meydanda bir-birimizi başa düşmək baxımından heç bir problemimiz olmayacaq.

- Antalyadakı ilk yoxlama oyununda Rumıniyanın "Qaz-Metan" klubu ilə qolsuz heç-heçə etdiniz. Sınaq matçlarında nəticə adətən elə də önəm daşımır. Bu qarşılaşmada qarşıya qoyulan hədəfə nail olduğunuzu demək olarmı?

- Bu, bizim təqribən 1,5 aydan sonra keçirdiyimiz oyun idi. Uzun fasilədən sonra baş tutan matçda istər-istəməz çatışmazlıqlar olur ki, bu da normal haldır. Amma oyunda müsbət məqamlar da çox idi. Hələ vaxtımız var. Fasilədən sonra ilk oyunumuzu Azərbaycan Kubokunda "Keşlə"yə qarşı keçirəcəyik. O vaxtadək istədiyimiz formanı yığa biləcəyimizi düşünürəm. Sizin də qeyd etdiyiniz kimi, yoxlama matçlarında nəticə önəmli deyil. Cəmi bir görüşdə qüvvəmizi sınamışıq. Qarşıda digər oyunlar da var. Hər dəfə çatışmazlıqlar daha az olacaq. Bu qarşılaşmalar bizə müsbət təsir edəcək və kubok görüşünə hazır olacağıq.

- Qış fasiləsindən sonra "Qarabağ"ı ağır oyunlar gözləyir. Əvvəlcə Azərbaycan Premyer Liqasında "Neftçi"yə, daha sonra Fransa "Marsel"inə qarşı UEFA Konfrans Liqasının oyunları var. Bu cür gərgin qrafik komandaya problem yaratmayacaq?

- Düzdür, qrafikimiz bir az sıxdır. Bizi gərgin, eyni zamanda, maraqlı oyunlar gözləyir. Amma bunun komandamıza hər hansı problem yaradacağına inanmıram. "Qarabağ" artıq bu cür qrafikdə oynamağa alışıb. Əvvəlki mövsümlərdə də, fasiləyədək olan dövrdə də hər 3 gündən bir oyunlara çıxırdıq. İndi də ssenari dəyişməyib. "Keşlə", "Neftçi", ardınca "Marsel"... Bir sözlə, buna öyrəşmişik. Burada qeyri-adi bir şey görmürəm.

- Mərakeş əsilli olsanız da, Fransada doğulmusunuz. Yəqin ki, "Marsel"ə qarşı oynamısınız. Sizcə, "Qarabağ" bu komandanı keçmək iqtidarındadırmı və ümumiyyətlə, bunun üçün nə etməlidir?

- "Marsel" həqiqətən böyük klubdur, möhtəşəm heyəti, yaxşı futbolçuları var. Bu dediklərim əslində yenilik deyil. Rəsmi oyun olmasa da, yoldaşlıq matçında bu komandaya qarşı oynamışam. O zaman ikinci divizionda çıxış edirdim. "Marsel"i keçmək üçün nə etməliyik? Bu gün futbol çox dəyişib. İstənilən komandanın sürpriz etmək bacarığı var. İstənilən komanda daha güclü kollektivi gözlənilmədən məğlub edə bilər. Ona görə də hər şey mümkündür.

- Artıq 4 ildir Azərbaycanda çıxış edirsiniz. Vətəndaşlığı qəbul edib milli komandada oynamaqla bağlı sizə hər hansı təklif gəlib? Belə bir hal baş versə, cavabınız necə olar?

- Açığı, mənə bu məsələ ilə bağlı heç bir müraciət olmayıb. Heç kimlə danışmamışıq. İndidən gələcəkdə nə baş verəcəyi barədə bir söz deyə bilmərəm.

- "Qarabağ"la 2024-cü ilin yayınadək müqaviləniz var. Müqaviləniz başa çatanda artıq 33-34 yaşınız olacaq. Karyeranızı "Qarabağ"da bitirməyi düşünmürsünüz?

- 2024-cü ilədək çox vaxt var. Mən bu günlə yaşayan adamam. Sabah nə olacaqsa, olacaq. Ona görə heç nə deyə bilmərəm. Amma inanıram ki, yaxşı olacaq.

Son xəbərlər

Orphus sistemi