Bakı. 30 avqust. REPORT.AZ/ "Qrup mərhələsinə qatılıb hər bir komandaya qarşı inamla oynayacağıq. Bu, hər bir oyunda ən azından sərfəli nəticə əldə etmək üçündür. Sonda qrupdan çıxmaq üçün lazım olan yeri əldə etməyə çalışacağıq".
"Report" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üzvü olduğu AFFA İcraiyyə Komitəsinin iclasından sonra keçirdiyi brifinqdə deyib.
44 yaşlı mütəxəssis "Report"un da suallarını cavablandırıb:
Avroliqadan sonra İcraiyyə Komitəsinin iclasında iştirak etmək sizi yormur ki?
- Xeyir. Belə iclaslar çox olmur. Bu, mənim üçün böyük təcrübədir. Azərbaycan futbolunun inkişafında yaxından iştirak etmək mənim üçün çox maraqlıdır. Bu, bizim işimiz, borcumuzdur.
Avropa Liqasının qrupundakı rəqibləriniz haqda düşüncələriniz necədir? Növbəti mərhələyə vəsiqə qazanmaq mümkündürmü?
- Dəfələrlə deyirəm ki, hər bir turnirə düzgün hazırlaşmağı və qalib ayrılmağı düşünürük. Bu günə qədər olan Avroliqalara nəzər yetirsək, minimum vəzifəmiz qrupa düşmək olub. Şükürlər olsun ki, buna nail olduq. Son 2 ildə qrupda 2-ci yeri tutmaq üçün böyük şansımız oldu. Hətta son oyunlarda nəticə bilindi. Bu il də ən yaxşısını, doğrusunu etməyə çalışacağıq. Get-gedə təcrübəmiz çoxalır və fərqli ölkələrin komandaları ilə düşməklə həmin çempionatların oyun üslubunu öyrənir, rəqibləri daha yaxından tanıyırıq. Qrup mərhələsinə inamla qatılıb hər bir komandaya qarşı inamla oynayacağıq. Bu, hər bir oyunda ən azından sərfəli nəticə əldə etmək üçündür. Sonda qrupdan çıxmaq üçün lazım olan yeri əldə etməyə çalışacağıq.
Bəs "Qəbələ"nin rəqiblərini necə dəyərləndirərdiniz? Bunlardan "Anderlext"lə "Sent-Etyen" sizə yaxşı tanışdır...
- Qrupda zəif komanda olmur. Onlar bizim üzərimizdə qalib gəlməyi daha tez düşünürlər. Elə də asan rəqiblər deyillər. Onlara qarşı oynamışıq, nə qədər çətinliklər çəkmişik. Bilirik ki, asan deyil. Ancaq "Qəbələ"yə inanmaq, güvənmək lazımdır. Düşünürəm ki, Roman Qriqorçuk bu komandalar üzərində qələbə qazanamq üçün ən doğrusunu etməyə çalışacaq. İkinci ildir qrupda ardıcıl iştirak edir. Çətindir, ancaq nəticə gözləməliyik.
Sizin də rəqiblərdən PAOK Roman Qriqorçuka tanışdır. Ola bilərmi ukraynalı həmkarınızla masa ətrafında oturub rəqiblər haqda fikir mübadiləsi aparasınız?
- Yox, düşünmürəm. Ehtiyac yoxdur. İndi texnologiya elə inkişaf edib ki, heç bir komandanı yaxından tanımaqda problem yoxdur. Digər tərəfdən, ildən-ilə komandalar, oyunlar, oyun sistemi dəyişir. Buna görə bir-birimizi aldatmış olarıq. Məsələni öz üzərimizə buraxsaq, daha doğru olar.
Millimizin San-Marino ilə qarşıdakı oyunundan nə gözləmək olar?
- Qələbəni həmişə gözləmək lazımdır.