"Qarabağ" UEFA Konrans Liqasının qrup mərhələsində ilk oyununu keçirib.
"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda İsveçrə "Bazel"ini qəbul edib.
Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Bakı Olimpiya Stadionundakı matçı 17 mindən çox azarkeş izləyib. Görüş Ağdam təmsilçisinin hücumları ilə başlayıb. 8-ci dəqiqədə İbrahima Vadjinin zərbəsi qapının yanından keçib. 2 dəqiqə sonra isə rəqib qapıçı Haynts Linder Xayme Romeronun fərqlənməsinə icazə verməyib.
38-ci dəqiqə qonaqların heyətində Pajtim Kasami cərimə meydançasında əllə oynasa da, belçikalı baş hakim Erik Lambrexts penalti təyin etməyib. 42-ci dəqiqədə Raul Petrettanın zərbəsindən sonra Şahruddin Məhəmmədəliyev "köhlən atlar"ı qoldan xilas edib. 44-cü dəqiqədə Artur Kabral topu qapının yanından vurub.
İkinci hissə demək olar ki, bütövlükdə "Qarabağ"ın hücumları şəraitində keçsə də, "köhlən atlar" yalnız son 15 dəqiqədə rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaradıblar. Getdikcə təzyiqi daha da artıran ağdamlılar 79-cu dəqiqədə Patrik Andrade ilə qola yaxın olsa da, onun uzaq məsafədən vurduğu topu qapıçı tutub. Qolkiper az sonra ikinci hissədə meydana daxil olan Marko Vesoviçin fərqlənməsinə mane olub. O, 90+4-cü dəqiqədə isə Ramil Şeydayevin yaxın məsafədən başla zərbəsini çətinliklə də olsa, dəf edə bilib.
Qeyd edək ki, H qrupunun digər matçında "Kayrat" Qazaxıstanda Kiprin "Omoniya" klubu ilə qolsuz heç-heçəyə razılaşıb.
Foto: Ehtiram Cəbi
"Qarabağ" və İsveçrənin "Bazel" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, matçda hələlik hesab açılmayıb.
"Qarabağ" və İsveçrənin "Bazel" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyununda ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıb.
"Qarabağ" və İsveçrənin "Bazel" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyunu start götürüb.
"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən görüş saat 20:45-də başlayıb.
Qarşılaşmanı belçikalı FIFA referisi Erik Lambrexts idarə edir.