Qara Qarayev: “İkinci yerdə olmağımız bizi narahat etmir”

Qara Qarayev: “İkinci yerdə olmağımız bizi narahat etmir” Bakı. 28 oktyabr. REPORT.AZ/ “Qarabağ”ın futbolçusu Qara Qarayev Azərbaycan Premyer Liqasının IX turunda səfərdə “Neftçi”yə 1:3 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Futbol
28 Oktyabr , 2018 22:42
Qara Qarayev: “İkinci yerdə olmağımız bizi narahat etmir”

Bakı. 28 oktyabr. REPORT.AZ/ “Qarabağ”ın futbolçusu Qara Qarayev Azərbaycan Premyer Liqasının IX turunda səfərdə “Neftçi”yə 1:3 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb.

“Report” həmin müsahibəni təqdim edir:

Məğlubiyyətin səbəbi nədir?

- Xüsusi bir səbəb demək istəməzdim. Elə bir səbəb də yoxdur. Yaxşı oynamağa çalışdıq. Hər iki hissədə bizim imkanlarımız daha çox idi. Oyuna nəzarət bizim əlimizdə idi. Vacib olan qoldur. Qolu da onlar vurdu. Rəqib 3 tutarlı əks-hücumdan yararlandı. Danışılacaq bir şey yoxdur. Bu gün futbolumuz adına çox yaxşı mühit var idi. Azarkeşlərə minnətdarlığımı bildirirəm. Matçın bu cür alınmasında onların da əziyyəti oldu. İstər “Neftçi”, istərsə də “Qarabağ” azarkeşləri olsun.

Üstünlük sizdə olsa da, təhlükəli hücum qurmaqda çətinlik çəkirdiniz. Bu nə ilə bağlı idi?

- Son oyunlarda qapıya ən çox zərbə vuran komanda bizik. Bunu statistika ilə deyirəm, biz daha yaxşı oynayırıq. İlk hissədə İnnosent Emeqaranın, Simoen Slavçevin epizodları vardı. Yaratdığımız imkanların az olduğunu düşünmürəm. Qol vurmuruq deyə, bu imkanlar gözə çarpmır. Birinci hissədə qol vursaydıq, daha fərqli oyun olacaqdı.

“Neftçi”nin əks-hücumda oynayacağı gözlənilən idi. Belə olan halda necə hazırlaşmışdınız ki, 3 top buraxdınız?

- Düşünülmüş hücumlar idi. Bütün diqqətlərini əks-hücumlara yönəltmişdilər. Bundan da yararlandılar. Biz bunun qarşısını almağa, rəqib isə daha yaxşı hücum qurmağa çalışırdı. Onlarda alındı.

Yakub Jezniçak niyə bu qədər zəif çıxış edir?

- 32 yaşı olmasına baxmayaraq, Jezniçak məşqlərdə də çox çalışan futbolçudur. Bu və ya başqa bir oyunda zəif oynaya bilər. Amma bu o demək deyil ki, Yakub zəifləyib, hansısa problem yaşayır. Ondan örnək götürüləsi məqamlar çoxdur. O, bizim əsas futbolçulardan biridir.

Bu mövsümün “Qarabağ” üçün daha çətin keçdiyi ilə razısınız?

- “Qarabağ” bu gün bir yox, üç yarışda oynayır. Bunlar bəhanə deyil. Üç gündən bir oyunumuz olur. Çətin olmağına çətindir. Avropa Liqasından aldığınız nəticələr xoş olmadıqda, çempionatda yaxşı nəticələr qazanmadıqda çətinliklər olur. Amma komanda olaraq doğru yoldayıq. Ən yaxşı olanı etməyə çalışırıq. Ola bilər ki, nəticə sabah da olmasın, lakin biz doğru istiqamətdəyik.

Komandada eniş var?

- “Səbail”lə oyunda qalib gəlmişik. Protokoldakı bir cümləyə görə uduzduq. “Vorskla” ilə avrokubok matçıdır. Həm çətin, həm gərgin keçir. Son nəticələr bizim enişimiz deyil. Çempionatda 2-ci yerdəyik, Avropa Liqasının qrupunda oynayırıq. Ən yaxşı yerdəyik. İkinci yerdə olmağımız bizi narahat etmir. Yetərincə vaxtmız var. Qalibiyyətlər hələ qabaqdadır. Azarkeşlər nəticədən asılı olmayaraq bizə dəstək olublar. Onlara bir daha təşəkkür edirəm.

Son xəbərlər

Orphus sistemi