Türkiyənin "Qalatasaray" klubu UEFA Avropa Liqasında pley-off mərhələsinə yüksəlib.
"Report"un məlumatına görə, "sarı-qırmızılar" III təsnifat mərhələsində Xorvatiya "Hayduk"unu məğlubiyyətə uğradıb - 2:0. Hesabı 77-ci dəqiqədə Yunes Belhanda açıb. 86-cı dəqiqədə isə Rayan Babel yekun nəticəni müəyyənləşdirib.
"Qalatasaray" pley-offda "Villem II" (Hollandiya) - "Reyncers" (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Türkiyənin digər təmsilçilərinə gəldikdə, "Alanyaspor" Norveçin "Rusenborq" komandasına minimal hesabla uduzub - 0:1.
"Beşiktaş" isə Portuqaliyanın "Riu Ave" komandası ilə görüşün əsas vaxtını 1:1 hesablı heç-heçə ilə bitirib. "Qara qartallar"dan 15-ci dəqiqədə Güven Yalçın hesabı açsa da, Brunu Moreyra 85-ci dəqiqədə bərabərlik qolunu vurub. Əlavə vaxtda da hesab dəyişmədiyindən penaltilər seriyasına müraciət olunub. Bu bölümdə isə "Riu Ave" daha dəqiq olub - 4:2.