Peşəkar Futbol Liqası (PFL) qurumun prezidenti Ramin Musayevin istefası ilə bağlı məlumat yayıb.
"Report" PFL-in rəsmi saytına istinadən xəbər verir ki, funksioner səhhəti ilə əlaqədar postunu tərk edib.
14 ildir PFL prezidenti olan Ramin Musayev 2004-cü ildən futbol fəaliyyəti ilə məşğul olur. 2004-cü ilin aprelində “Neftçi” PFK-nin icraçı direktoru, həmin ilin noyabrında isə vitse-prezidenti təyin olunub. “Ağ-qaralar”da işlədiyi müddətdə komanda ilə Azərbaycan çempionu adına yiyələnib, avrokuboklarda mərhələlər keçib, 2006-cı ildə Birlik Kubokunun ilk qalibi olub.
2008-ci il iyulun 2-də AFFA-da keçirilən səsvermənin nəticəsinə əsasən, yeni yaradılan Peşəkar Futbol Liqasının ilk prezidenti seçilib və vəzifəsini 4 il icra edib. Yeni vəzifəyə seçildikdən sonra o, “Neftçi” klubundakı vitse-prezident postunu tərk edib.
2012-ci il iyulun 3-də Musayev AFFA prezidenti Rövnəq Abdullayev və klub rəhbərlərinin iştirakı ilə keçirilən növbəti seçkidə yekdilliklə ikinci müddətə PFL-in prezidenti seçilib. Funksioner 2016-cı il iyulun 5-də və 2020-ci il sentyabrın 14-dəki seçkilərin də qalibi olub.
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev vəzifəsindən ayrılıb.
Bu barədə "Report"a "Qəbələ" klubunun prezidenti Fariz Nəcəfov məlumat verib.
O, bu məqsədlə PFL-də klub rəhbərləri ilə iclasın keçirildiyini və şəxsi səbəblərdən toplantıya qatıla bilmədiyini vurğulayıb. Nəcəfov iclasda əyalət təmsilçisinin baş meneceri Nail Kərimovun iştirak etdiyini söyləyib.
Qeyd edək ki, Ramin Musayev 2008-ci ildən PFL-ə rəhbərlik edirdi.