Peşəkar Futbol Liqası (PFL) tərəfindən Tovuz şəhər stadionunda geniştərkibli təftiş həyata keçirilib.
"Report" PFL-in rəsmi saytına istinadən xəbər verir ki, aparılan əsaslı işlər, stadionun hazırki durumu, azarkeşlərin və futbolçuların təhlükəsizliyi, oyunun canlı yayımı və VAR infrastrukturunun vəziyyəti nəzərə alınaraq qurumun İdarə Heyəti rəqib komandaların razılıq məktubunu da əsas götürərək bir sıra qərarlar qəbul edib .
Azərbaycan Premyer Liqasının 1-ci dövrəsinin oyunu "Araz Naxçıvan" – “Turan Tovuz”, 2-ci dövrənin oyunu "Turan Tovuz" - "Araz Naxçıvan" qarşılaşması kimi keçiriləcək.
1-ci dövrənin oyunu "Qarabağ" - "Turan Tovuz", 2-ci dövrənin oyunu "Turan Tovuz" - "Qarabağ" qarşılaşması kimi təşkil olunacaq.
Bundan əlavə, 4-cü turdan etibarən Tovuz şəhər stadionu qarşılaşmaları qəbul etməyə hazır olmalı və bununla bağlı bütün işlər nəzarətdə saxlanılmalıdır.
Qeyd edək ki, Tovuz şəhər stadionunda süni işıqlandırma sisteminin tam istifadəyə verilməsi sentyabrın sonuna planlaşdırılır.