Oslo. 31 avqust. REPORT.AZ/ "Oyuna ciddi hazırlaşmışıq və güclü təlim-məşq toplanışı keçmişik".
"Report"un Norveçə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Norveç milli komandasının və İtaliyanın "Palermo" klubunun futbolçusu Haytam Alisami Azərbaycan yığması ilə keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçından əvvəl mətbuat konfransında deyib.
26 yaşlı cinah oyunçusu sabahkı oyunda qələbəyə ümidli olduqlarını açıqlayıb: "Kiçik zədəlilərin olmasına baxmayaraq, bütün futbolçular oyuna yüksək əhval-ruhiyyədə köklənib. Evdə oynadığımız üçün qələbəyə ümidliyik. İnanıram ki, bizdə hər şey alınacaq".
H.Alisami "Palermo"dakı karyerasının dumanlı olduğunu da dilə gətirib: "Hələ hər şey dumanlıdır. Karyerama aydınlıq gəlməyib. Ümidvaram ki, tezliklə bu məsələyə son qoyulacaq".
Qeyd edək ki, sentyabrın 1-də Oslodakı "Ullevaal" stadionunda keçiriləcək Norveç-Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.