Nizami Hacıyev: "Azərbaycan Premyer Liqasında "3-lüy"ə düşə bilməsə, "İnter"in kitabı bağlanacaq" - MÜSAHİBƏ

Nizami Hacıyev: "Azərbaycan Premyer Liqasında "3-lüy"ə düşə bilməsə, "İnter"in kitabı bağlanacaq" - MÜSAHİBƏ "Milli komandada oynamaq, ölkəmi təmsil etmək istəyirəm"
Futbol
194
13 Fevral , 2017 19:11
Nizami Hacıyev: Azərbaycan Premyer Liqasında 3-lüyə düşə bilməsə, İnterin kitabı bağlanacaq - MÜSAHİBƏ

Bakı. 13 fevral. REPORT.AZ/ AZAL komandası ilə Azərbaycan Premyer Liqasının XVIII tur matçında "İnter"in qələbə topuna imza atan kapitan Nizami Hacıyev jurnalistlərin suallarını cavablandırıb. "Report" təcrübəli futbolçunun müsahibəsini təqdim edir...

- Oyunla bağlı nə deyə bilərdiniz?

- Çox ağır oyun keçdi. İlk yarıda şəxsən mən topu hiss etmirdim. Nə isə narahat, birtəhər idim. Bəlkə bu, gecəni narahat yatdığıma və ya oyunun tez başlamasına görədir. Yaxşı ki, 80-ci dəqiqədən etibarən özümüzdə güc tapıb qələbə topunu vura bildik. Komandamıza lazım olan qolu vurduğum üçün şadam. Bu, təkcə mənim yox, bütün komandamızın qoludur. Komanda yoldaşlarımı, bizə inananları, azarkeşlərimizi, dost-qardaşlarımızı, hamını təbrik edirəm. Son 2 oyunda 5 xal itirmişdik. Vəziyyətimiz ağırlaşmaq üzrə idi. Klubumuzda maaşlarla da bağlı problemlər var. Pulumuz olmasa da, mənliyimiz öz yerindədir. İlk növbədə, bunu əsas tuturuq. Meydana çıxanda pul yaddan çıxır. Oynayırıq.

- AZAL sonuncu pillədə getsə də, cəmi bir qolla qələbə qazana bildiniz...

- AZAL çox yaxşı komandadır. Kimsə fikirləşməsin ki, ardıcıl məğlub olduqları üçün zəifdirlər. Bu gün qol vəziyyətləri də yaratdılar, bizə qarşı yüksək səviyyədə müqavimət göstərdilər. "Təyyarəçilər"ə uğurlar arzulayıram.

- Gecə narahat yatmağınızın səbəbi "İnter"in gələcəyi ilə bağlı idi?

- (gülür) Həqiqətən də bu barədə çox fikirləşirəm. Neçə illərdir ki, bu komandada oynayıram. Kapitan sarğısını mənə həvalə ediblər. Buna görə baş məşqçimiz Zaur Svanadzeyə, mənə güvənən insanlara, komanda yoldaşlarıma minnətdaram. Təbii ki, klubsuz qalmayacağıq. Elə futbolçulara malikik ki, gedib hardasa ailəmizə 3-5 manat çörəkpulu qazanacağıq. Amma inanın ki, neçə illər boyu qurduğumuz imperiya dağılmaq üzrədir.

- Məsələ bu qədərmi ciddidir?

- Mən hər şeyi açıq danışacağam. Sol-sağ getməyin mənası yoxdur. "İnter" Azərbaycan Premyer Liqasında "3-lüy"ə düşməsə, Avrokuboklara vəsiqə qazanmasa, kitabı bağlandı.

- Bu fikirlər kimdən gəlib?

- Bu fikir deyil, faktdır.

- Amma nəzərə almaq lazımdır ki, "3-lüy"ə düşmə şanslarınız daha realdır. O zaman vəziyyət necə olacaq?

- Əlbəttə, realdır. Amma transfer pəncərəmiz yayadək bağlıdır. Futbolçularla müqavilələr başa çatır. Ən azı eyni maaş qalmalı, futbolçularla 1 illik müqavilə bağlanılmalıdır. Əvəzedicilərlə oynamaq real deyil. Bu komandanı avrokuboklara çıxarmaq, ən azı hazırkı əsas heyət üzvlərini saxlamaq lazımdır. Futbolçularla yeni müqavilələr bağlanılsa, bilərsən ki, rahatsan, gec-tez maaşını alacaqsan. Buna görə də "İnter"də futbolçudan məşqçilər korpusunadək hamının məqsədi ilk "3-lüy"ə düşməkdir. Bundan sonra klubun ömrünü ən azı bir il uzada bilərik.

- Hər zaman hər şeyi yalnız sən açıqcasına danışırsan. Bu, komandada kapitan olmağından irəli gəlir, yoxsa digər futbolçular danışıb özlərini pis etmək istəmirlər?

- Mən komanda yoldaşlarım haqda heç nə demək istəmirəm. Kapitanam, ilk növbədə, mən sözün düzünü deməliyəm. Həm ictimaiyyətə, həm dostlarıma, həm də komanda yoldaşlarıma. Elə şeylər olur ki, mən bilirəm, komanda yoldaşım yox. Belə vəziyyətdə bunu öz içimdə saxlamağı bacarmıram. Çünki klubdaxili problemi onlara deməliyəm. Üz-üzə gəlir, meydanda çiyin-çiyinə vuruşuruq ki, nəticə əldə edək. Mən bunu deməliyəm. Mənim üçün hamıdan önəmlisi meydanda olan futbolçulardır, komanda yoldaşlarımdır. Onların hamısı mənə qardaş kimidirlər. Meydanda əl-ələ verərək, hərə öz işini görür.

- AZAL-ın qapıçısı Aqil Məmmədov karyerası ərzində ən gözəl qolu buraxdığını bildirdi. Dedi ki, Nizami Hacıyevin vurduğu qol mövsümün ən gözəl qolu seçilə bilər...

- Bu, ilin qolu seçilsə, Aqil Məmmədova qonaqlıq verəcəyəm.

- Bizimlə müsahibəyə gələndə aqressiv idin. "Millinin baş məşqçisinə zəng edib deyərsiniz ki, Nizami Hacıyev qol vurdu" söyləyirdin...

- Aqressiv olmalıyam da... Mən millidə oynamaq, bu ölkəni təmsil etmək istəyirəm.

- Bəs yolunuzu bağlayan nədir?

- Vallah, hələ də bilmirəm. Kimin çağırmasından asılı olmayaraq, milliyə dəvət gözləyirəm və əlimdən gələni etməyə hazıram.

- Bəlkə özün millinin toplanışına formanı götürüb gedəsən?

- (gülür) Axırda elə olacaq. Paltarımı götürüb gedəcəyəm, deyəcəyəm ki, gəlmişəm, oynamalıyam.

- Robert Prosineçkiyə ismarıcınız var?

- Mən ona nə deyim? Allah köməyi olsun. Heç nə demirəm: Kimlər milliyə layiqdirsə, onları da çağırsın.

- Qarşıdan Qətərlə yoldaşlıq görüşü gəlir. Prosineçki ən azı bu oyunda səni sınaya bilər...

- Razıyam.

- Prosineçkinin dönəmində Azərbaycan millisinə dəvət almısan?

- Xeyr, dəvət almamışam. Amma gözləyirəm. Hələ hər şey irəlidədir. Martın 9-dək 2-3 oyunumuz olacaq.

- Prosineçki hansısa futbolçunun dəvət üçün adı hallananda əsəbiləşir. Bəlkə heç bu barədə danışmayasan, sən deməmiş özü dəvət etsin?

- Məni dəvət etmək fikirləri varsa, çağıra bilərlər. Mən heç kimin haqqına girmirəm, kimisə təhqir etmirəm, artıq-əksik söz demirəm. Sadəcə, Azərbaycan milli komandasında oynamaq istəyirəm. Zəifəmsə, standartlara cavab vermirəmsə, göstərdiyim oyun qaneedici deyilsə, onda başqa məsələ... Yox, əgər öz vəzifəmi layiqincə yerinə yetirirəmsə, bunu özümdən çıxarmıram ki... Hər şey göz qabağındadır. Xahiş edirəm, buna bir çarə tapsınlar.

Son xəbərlər

Orphus sistemi