Nihat Özdemir: "Bakıdakı oyunlarda qardaşlarımızı gözləyəcəyik"

Nihat Özdemir: "Bakıdakı oyunlarda qardaşlarımızı gözləyəcəyik" "Avropa çempionatında qrupdan çıxmaq əsas məqsədimiz olacaq. Növbəti mərhələyə qələbələrlə yüksəlməyi hədəfləyirik".
Futbol
4 İyun , 2021 00:32
Nihat Özdemir: Bakıdakı oyunlarda qardaşlarımızı gözləyəcəyik

"Avropa çempionatında qrupdan çıxmaq əsas məqsədimiz olacaq. Növbəti mərhələyə qələbələrlə yüksəlməyi hədəfləyirik".

"Report"un məlumatına görə, bunu Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir deyib. 71 yaşlı funksioner bildirib ki, hamı iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcəkləri AVRO-2020-nin açılış oyununun həyəcanını yaşayır: "Bu görüşü bütün dünya izləyəcək. İlk matçımızda uduzsaq belə, daha 2 oyunumuz və 6 xal imkanımız olacaq. Qrupdan 2 komanda 1/8 finala birbaşa çıxacaq. Növbəti mərhələyə 6 qrupun 3-cü yer sahiblərindən daha 4 ən yaxşısı da adlayacaq".

"Ay-ulduzlular" İtaliya ilə qarşılaşmanın ardından Bakıda Uels və İsveçrə ilə üz-üzə gələcək. Özdemir Bakı Olimpiya Stadionunda təşkil olunacaq görüşlərdə türkiyəli və azərbaycanlı azarkeşləri tribunada gözlədiyini açıqlayıb: "İtaliyaya azarkeş aparma sarıdan həm viza, həm də tamaşaçı tutumu anlamında böyük çətinliklər yaşayırıq. Amma Bakıda elə olmayacaq. Bütün türkiyəli və azərbaycanlı qardaşlarımızı matçlarda gözləyir, milli komandamızı dəstəkləmələrini istəyirik. Bir millət, iki dövlət olaraq, bir araya gələcək, millimizi dəstəkləyəcəyik. Azərbaycanda lazımi xalları alaraq, qrupdan çıxacağıq. Azarkeş dəstəyi sayəsində yığmamız daha yaxşı oynayaraq, daha yaxşı nəticələr göstərəcək".

Qeyd edək ki, Türkiyə millisi Uelslə iyunun 16-da, İsveçrə ilə iyunun 20-də Bakı Olimpiya Stadionunda üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi