“Neftçi”nin sabiq futbolçusu: “Rəhbərlik dedi ki, məbləğ yüksəkdir, ödəyə bilməyəcəyik”

Futbol
  • 11 aprel, 2023
  • 07:46
“Neftçi”nin sabiq futbolçusu: “Rəhbərlik dedi ki, məbləğ yüksəkdir, ödəyə bilməyəcəyik”

“Neftçi” rəhbərliyi dedi ki, tələb olunan məbləğ çox yüksəkdir, ödəyə bilməyəcəyik”.

Bunu “Report”a açıqlamasında “Neftçi”nin sabiq futbolçusu Zdenek Folprext 2016/2017 mövsümünün sonunda komandadan ayrılmasının səbəbi barədə danışarkən deyib.

Həmin dönəmdə müqavilə ilə Çexiyanın “Slovan” klubuna məxsus olan və “ağ-qaralar”da icarə əsasında çıxış edən yarımmüdafiəçi Azərbaycanda qala bilməməsini maliyyə ilə əlaqələndirib: “Açığı, icarə müddətim başa çatdığı zaman “Neftçi”də qalmaq fikrində idim. Elə rəhbərlik də məni saxlamağı düşünürdü. Ancaq həmin vaxt müqavilə ilə məxsus olduğum “Slovan” transferim üçün təzminat tələb etdi. Bu üzdən Çexiya təmsilçisinə qayıtmalı oldum”.

Hazırda ölkəsində “Vlaşim” klubunun formasını geyinən 32 yaşlı orta sahə oyunçusu “Neftçi”nin oyunlarını izlədiyini söyləyib: “Məncə, pis çıxış etmirlər. Bu klub barədə xoş xatirələrim var. “Neftçi”nin azarkeşlərinə isə söz ola bilməz. Onlar möhtəşəmdirlər. Azərbaycanda olduğum zaman yaxşı dostlar qazandım. Keçmiş komanda yoldaşlarımdan bəziləri ilə hərdən zəngləşirik”.

Folprext mövsümün sonunda Azərbaycana yollanmaq niyyətində olduğunu da sözlərinə əlavə edib: “Qısa müddət olsa da, Azərbaycanda yaşamaqdan çox zövq aldım. İstirahət etmək üçün yenidən ölkənizə gəlməyi planlaşdırıram”.

Qeyd edək ki, Zdenek Folprext 2017-ci ilin yanvarından iyununadək “Neftçi”nin şərəfini qoruyub. O, Azərbaycan Premyer Liqasında keçirdiyi 13 oyunda 1 qol vurub.

Son xəbərlər

Bütün Xəbər Lenti