Kamran Quliyev: "Samir Abasovun dediklərinin əksəriyyəti düzdür" - MÜSAHİBƏ

Kamran Quliyev: "Samir Abasovun dediklərinin əksəriyyəti düzdür" - MÜSAHİBƏ "Rəqib klubun rəhbəri bunu deyirsə, irad bildirirsə, sonra isə Samir Abasovun özü barədə nəsə danışırsa, bunun nə fərqi oldu ki?"
Futbol
484
27 Aprel , 2021 18:16
Kamran Quliyev: Samir Abasovun dediklərinin əksəriyyəti düzdür - MÜSAHİBƏ
Kamran Quliyev

"Neftçi" futbol klubunun prezidenti Kamran Quliyevin "Report"a müsahibəsi...

- Azərbaycan Premyer Liqasının ötən turunda "Sabah"la 2:2 hesablı heç-heçə etdiyiniz oyunda baş hakim Vüqar Həsənlinin qərarları və matçdan sonra baş verənlər çox müzakirə olundu. Görüşün belə alınacağını gözləyirdiniz?

- Əvvəla, onu deyim ki, matçın başlama nöqtəsində referinin qərarları hər iki komandanın oyununa təsir göstərdi. Bilirsiniz ki. hələ 4-cü dəqiqədə futbolçumuza sarı vərəqə verildi. Mən mütəxəssis deyiləm, buna aidiyyatı orqanlar qiymət verəcək. Amma referinin qəbul etdiyi bəzi qərarların oyunun hərarətinə və matçdan sonra baş verənlərə birbaşa təsir göstərdi. Artıq AFFA-nın müvafiq strukturu bununla bağlı araşdırma aparır.

- Yəqin ki, artıq qərarlarla tanışsınız. Bunları necə dəyərləndirirsiniz?

- Bəli. qərarlar barədə mətbuatdan oxuduq. Samir Abasovun 2 oyunluq diskvalifikasiyası ilə əlaqədar apellyasiya verəcəyik. Əməkdaşlarımız dərhal tapşırıq alıblar. Ümid edirəm ki, düzgün analiz olsa, baş məşqçinin cəzası ya ümumiyyətlə ləğv olunacaq, ya da azaldılacaq. Digər məsələləri şərh etmək istəmirəm.

- Bu cür hadisələrin baş verməsi, davamında isə cəzalar mövsümün həlledici məqamında komandanızın oyunlarına psixoloji baxımdan necə təsir edə bilər?

- Təbii ki, təsiri neqativ ola bilər. Amma bunu əlimizdə bayraq edəsi deyilik. Samir Abasov komandanın baş məşqçisidir, onun arxasındayıq. Baş məşqçi tərəfindən deyilən bir çox məsələ düz vurğulanıb. Bu saat çempionata rəng qatan yox, onu tonusda saxlayan bizik. Birinci yer uğrunda mübarizə olmasa, hansı çempionatdan söhbət gedə bilər? Təkrarlamaq istəmirəm, amma baş məşqçinin dediklərinin əksəriyyəti düzdür. Qaldı ki cəzalara, bu, bizim klubdaxili məsələdir. Özümüz baş məşqçi ilə danışırıq. Yenə deyirəm, klub olaraq, Abasovun arxasındayıq və cəzası ilə bağlı qanun çərçivəsində əlimizdən gələni edəcəyik.

- Samir Abasovla "Sumqayıt"da da birlikdə işləmisiniz. O, həmin vaxt da bu tipli açıqlamalar verirdi. İndi də rəqib haqqında fikirlərində aşağılayıcı ifadələr var...

- Bayaq da dediyim kimi, Samir Abasovun fikirlərini şərh etmək istəmirəm. Dedikləri ümumi məna kəsb edir və çoxu doğru ifadədir. Digər məsələlərə gəlincə, hansı ifadə kiminsə xoşuna gəlməyibsə, bu, onun şəxsi işi, istəyi ola bilər. Bunu klub daxilində özümüz müzakirə edə bilərik. Artıq baş məşqçinin fikirlərindən birini tam demişəm. Çempionatı maraqlı edən "Neftçi" ilə "Qarabağ"ın mübarizəsidir. Digər komandaların mübarizəsi də o cümlədən. Amma söhbət bizdən gedirsə, mübarizəmiz sonadək davam edir və çox maraqlıdır. Son olaraq, 2 il əvvəl belə mübarizə olub. Kiminsə aşağılanmasına gəlincə, açığı, mən burada belə şey görmürəm. Ümumən oyun epizodlarından danışıb.

- Rəqib həmkarınız Maqsud Adıgözəlov deyib ki, Samir Abasov enerjisini öz komandasına yönləndirsə, daha yaxşı olar...

- Rəqib klubun rəhbəri bunu deyirsə, irad bildirirsə, sonra isə Samir Abasovun özü barədə nəsə danışırsa, bunun nə fərqi oldu ki? Baş məşqçi rəqib komandanın oyunçusu haqqında fikir bildirir və bu, kiminsə xoşuna gəlmirsə və daha sonra Abasovu həmin komandanın özü müzakirə edirsə, irad bildirməyin nə mənası oldu? Mən heç kim haqqında danışmayacağam. Samir müəllim öz komandasının işi ilə çox gözəl məşğul olur. Kiminsə bunu deməyinə ehtiyac yoxdur. Məncə, klub rəhbərləri bu işdə lazımi tapşırıqları verməli, vəziyyətə nəzarət etməlidir. Futbolçu, baş məşqçi məsələlərinə qarışmamalıdırlar.

- Hakimliyə qayıtsaq, Vüqar Həsənli hər iki tərəfin əleyhinə səhvlər etdi və barəsində araşdırmaq gedir. Onun bir ara qumara görə dağılmış "Şərurspor"da işləməsi ilə bağlı xəbər yayılıb. Bu mənada, Həsənlinin bukmeykerlərlə işlədiyini güman etmirsiniz?

- Bukmeyker söhbəti hardan çıxdı? Nə bukmeyker? 11 ildir futboldayam, hər şey görmüşəm. Bu dəqiqə hakimlərdə səhvlər olsa belə, mən orada qərəz görmürəm. Baş hakimin verdiyi qərarlar vəziyyəti bu yerə gətirib çıxardı. Bundan artıq nə deyim? Hakimlə bağlı AFFA özü araşdırma aparır. Orada xüsusi qurum var. Demirəm ki, bütün qərarları düz olsun. Amma düzgün qərar sayı çox olsaydı, bu problem baş verməzdi.

- Bunlar hakimin təcrübəsizliyindən irəli gələn səhvlərdir, yoxsa başqa səbəblər var?

- Referinin qərarları səhv idisə, qiyməti müvafiq qurum verəcək. Əks halda, ya növbəti, ya da ondan sonrakı matça təyinat alacaq. Səhvdirsə, hansı ki, hamı görüb, deməli müvafiq qərar da olacaq. Təbii ki, diqqətli olmaq lazımdır. Hamı bilir ki, bu mərhələdə və ümumiyyətlə həmişə diqqətli olmalıdırlar. Onların hər qərarı oyunun taleyinə təsir edə bilər.

- Növbəti oyunlarınıza daha təcrübəli və bacarıqlı hakimlərin təyinatı ilə bağlı AFFA-dan istəyiniz var?

- Məncə, AFFA bu məsələyə həssas baxacaq. Araşdırmadan sonra hakimlər daha diqqətli olacaqlar.

- Mövsümün sonuna 4 tur qalıb. Son 4 qarşılaşmadan gözləntiləriniz nədir: Çempionluq üçün geridönüş etməyiniz mümkün olacaqmı?

- Çempionluq üçün sonadək mübarizə aparacağıq. Başqa nə gözləyə bilərik?

- Bu cür hallarla rastlaşa və yenə xallar itirə bilərsiniz. Çempionluğun taleyinin son turda həll olunacağına inanırsınız?

- Niyə inanmıram ki? Öz futbolçularıma, texniki heyətə niyə inanmamalıyam? Onlara inanmasam, kimə inanmalıyam?

Son xəbərlər

Orphus sistemi